Son günlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Ukraynada yaşayan azərbaycanlılara qarşı milli zəmində təzyiqlərin olduğuna məlumatlara Diasporla İş üzrə Dövlət Komitəsindən münasibət bildirilib.
Lent.az-ın məlumatına görə, Komitə rəsmi olaraq bildirib ki, Ukraynada azərbaycanlılara qarşı milli zəmində heç bir təzyiq, təhdid, yaxud soydaşlarımızın həyatına təhlükə yaradan digər hərəkətlər baş verməyib:
“Dövlət Komitəsi Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi, habelə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır, azərbaycanlıların vəziyyəti, qarşılaşdıqları çətinliklər barədə mütəmadi məlumatlar alır. Son günlər bəzi azərbaycanlıların da adının hallandırıldığı kriminal xarakterli hadisələrin milli, irqi, yaxud dini ayrı-seçkiliklə bağlı olduğuna dair iddiaları təsdiqləyən heç bir fakt, yaxud rəsmi məlumat yoxdur. Azərbaycanlıların təhlükəsizliyinə təhdid xarakteri daşıyan etnik ayrı-seçkilik tendensiyaların mövcud olduğuna dair KİV-də əksini tapmış məlumatlar həqiqətə uyğun deyil”.
Dövlət Komitəsi bütün KİV nümayəndələrini bu cür yoxlanılmamış məlumatlara olduqca diqqətli və ehtiyatlı yanaşmağa çağırıb: “Bir daha diqqətə çatdırırıq ki, belə informasiyaların yalnız müvafiq dəqiqləşdirilmələrdən sonra yayılması daha məqsədəuyğun olardı. Bu sahədə Dövlət Komitəsi bütün KİV nümayəndələri ilə əməkdaşlığa hazırdır.
Xüsusi olaraq vurğulamaq istərdik ki, kriminal xarakterli hadisələrin soydaşlarımıza qarşı milli zəmində təhdidlərin “sübutu” kimi ictimaiyyətə təqdim olunması Ukraynada yaşayan azərbaycanlılar arasında təşviş və narahatlıq yaradır, eyni zamanda Azərbaycanın milli maraqlarına qətiyyən uyğun deyil”.