“Məsələ cəmiyyətə düzgün çatdırılmır”
“Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq, internet azadlığına tam təminat verib”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov söyləyib.
Siyavuş Novruzov bildirib ki, bu gün Azərbaycanın istənilən bölgəsində internetə sərbəst giriş var: “Təəssüf ki, “Facebook”a nəzarətlə bağlı qaldırılan məsələ cəmiyyətə düzgün çatdırılmır. Söhbət ondan gedir ki, internet azadlığından sui-istifadə hallarına yol verilməsin. Azərbaycan qanunvericiliyində irqi, milli, dini ayrı-seçkilik qadağan edilir və buna görə, məsuliyyət də müəyyən edilib. Şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hallar da qadağandır. Bu gün sosial şəbəkələrdə vəziyyət ürəkaçan deyil. Hesab edirəm ki, bu kimi məsələlərə görə, nəzarət və məsuliyyət müəyyən olunmalıdır. Bu gün sosial şəbəkələrdə və hansısa saytların şərh bölümlərində sərbəstlikdən sui-istifadə edirlər. Bir də baxırsan ki, ayrı-ayrı insanların karikaturalarını yayırlar, təhqiramiz ifadələr yazırlar. Bu tipli şeylər mətbuat orqanında gedəndə onun məsuliyyətini də həmin qəzet daşıyır. Amma bu məsuliyyət sosial şəbəkələrdə yoxdur. Ona görə də adminlər bu məsələyə məsuliyyət daşımalıdır”.