Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağdakı aeroportunun mütləq istifadəyə veriləcəyini bəyan edib. Lent.az-ın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, yenidən prezidentliyə namizəd olan Serj Sərkisyan seçki kampaniyası çərçivəsində Asapnyak rayonunda seçicilərlə görüşdə deyib ki, İrəvan-Xankəndi reysi ilə uçacaq təyyarənin ilk sərnişini olmağa hazırdır.
Serj Sərkisyan “Stepanakert aeroportu” adlandırdıqları Xocalı aeroportunun istifadə verilməsinə hər hansı şübhə olmadığını söyləyib: “Bütün arqumentlər təyyarənin hərbi yük daşıyacağı ilə bağlıdır ki, bu da nağıldır. Silah daşınması üçün çoxlu başqa yol var. Azərbaycan hədələməklə Qarabağın sahibi olduğunu göstərmək istəyir. Ancaq Azərbaycan Qarabağın sahibi deyil və aeroport istifadəyə veriləcək. Problem yalnız texniki məsələlərlə bağlıdır. Tezliklə aeroporta təyyarə uçacaq”.