Millət vəkili Qənirə Paşayeva Türkiyədə “31 Mart 1918 Azərbaycan Soyqırımı" anma tədbirində iştirak edəcək. Anma tədbiri Türk Ocaqları İstanbul şöbəsi tərəfindən təşkil edilir. Anma tədbirində millət vəkili Qənirə Paşayeva 31 mart 1918-ci ildə erməni-daşnak qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən soyqırım və müasir dünyada Ermənistan dövlətinin dinc azərbaycanlılara qarşı soyqırım siyasətini davam etdirməsi ilə bağlı geniş məruzə ilə çıxış edəcək. Anma tədbirində Türkiyə Böyük Millət Məclisinin üzvləri, alimlər iştirak edəcəklər.
Anma tədbiri çərçivəsində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və millət vəkili Elxan Süleymanovun rəhbərlik etdiyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) hazırladığı “Azərbaycan həqiqətləri” adlı filmlər toplusu, millət vəkili Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlanmış və Xocalı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Hocalı Soykırımı: tanıkların dili ile”, millət vəkili Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanmış və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabları, “Hocalı Soykırımı” və “Ruhum Qarabağlıdır” filmləri də təqdim olunacaq.