Keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırıb. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaq. Bu işlər bundan sonrakı illərdə də görüləcək”. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində bildirib. Prezident onu da bildirib ki, dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulub: “Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcək. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində buna oxşar məhəllənin açılışını qeyd etmişik. Bu il isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcək”.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan dövləti bütün bu istiqamətdəki işlərini ardıcıllıqla həll edir. “Bilirsiniz ki, birinci mərhələdə, əlbəttə, ən ağır vəziyyətdə yaşayan soydaşlarımız, çadır şəhərciklərində yaşayan soydaşlarımız diqqət mərkəzində idi. Biz o proqramı uğurla və vaxtından əvvəl icra edə bilmişdik. 2007-ci ildə sonuncu çadır şəhərciyi ləğv edilib. Ondan sonra bəyan edilib ki, fin qəsəbələrində, yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında yaşayan məcburi köçkünlərin də məsələləri öz həllini tapacaq və artıq bu istiqamətdə də çox vacib işlər görülüb. Bu il fin qəsəbələri tamamilə ləğv edilir və yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin də artıq belə qəsəbələrə köçürülməsi prosesi başlayıb. Bakı Dövlət Universitetinin, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış vətəndaşlar, o cümlədən də siz artıq bax, bu gözəl qəsəbələrə köçürülürsünüz.
Bir daha demək istəyirəm ki, bu, dövlət siyasətinin təzahürüdür. Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Məcburi köçkünlər ən çox əziyyət çəkən insanlardır. Erməni işğalından sonra siz uzun illər çox ağır şəraitdə yaşamısınız. Məcburi köçkünlərin bəziləri hələ də ağır şəraitdə yaşayırlar. Biz bunu bilirik və bütün bu məsələləri ardıcıllıqla həll edirik. Əlbəttə, imkan daxilində”-deyə, dövlət başçısı İlham Əliyev əlavə edib.