Prezidentdən önəmli mesajlar: “Müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir” - MƏTN
26 noyabr 2013 11:31 (UTC +04:00)

Prezidentdən önəmli mesajlar: “Müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir” - MƏTN

“Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır”

 

“Biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq”

 

“Məni “Jurnalistlərin dostu” mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da “Jurnalistlərin dostu” kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim”.
 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu sözləri ötən həftə bir qrup jurnalistlə görüşən prezident İlham Əliyev deyib.

 

Ölkə başçısı bildirib ki, bu mükafatın verilməsi böyük məna daşıyır, çünki ölkə prezidentinin “Jurnalistlərin dostu” adına layiq görülməsi Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur.

 

Daha sonra prezident deyib: “Mən bundan sonra da çalışacağam ki, prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil edilsin. Belə olan halda Azərbaycanda media ilə bağlı məsələlər ən yüksək səviyyədə öz həllini tapmalıdır”.
 

Prezident qeyd edib ki, demokratik cəmiyyətin qurulması işində azad medianın xüsusi rolu var: “Bu salonda əyləşən jurnalistlər, media nümayəndələri, media rəhbərləri o insanlardılar ki, Azərbaycanda azad medianın yaradılmasında xüsusi rol oynamışlar və bu gün də öz fəaliyyətlərini davam etdirirlər. Deyə bilərəm ki, bu gün bu salonda Azərbaycanda medianın inkişafı ilə bağlı istiqamətverici qurumların nümayəndələri iştirak edirlər. Əlbəttə, jurnalist cəmiyyətinin fəaliyyəti və jurnalist cəmiyyətindən cəmiyyətə gələn sifariş, hesab edirəm ki, azad jurnalistikanın, müstəqil medianın yaradılmasında mühüm rol oynayır. Ancaq eyni zamanda, dövlət siyasəti olmadan bu proseslər lazımi səviyyədə təşkil edilə bilməz. Hesab edirəm ki, Azərbaycanda bax, bu iki əsas istiqamətin birləşməsi bugünkü müsbət dinamikanı təmin edib”.
 

İlham Əliyevin sözlərinə görə, Azərbaycanda bütün azadlıqlar var və demokratik cəmiyyət qurulur: “İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcək. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurub və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır”.

 

Prezident bildirib ki, gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaq: “Eyni zamanda, qeyd etməliyəm ki, demokratik inkişaf baxımından bu gün ölkəmiz heç bir ölkədən geridə qalmır. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir. Siz də qeyd etdiyiniz kimi, bəzi məsələlərdə, xüsusilə, media nümayəndələrinin məişət problemlərinin həlli işində Azərbaycan ön yerlərdədir. Bu barədə mən bu ilin yayında öz fikirlərimi bildirmişəm. Hesab edirəm ki, bu düzgün yanaşmadır. Çünki jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlar iş adamları, başqa kateqoriyadan olan insanlar kimi öz fəaliyyəti hesabına layiqli mənzillərə sahib ola bilmirlər. Ona görə dövlət öz dəstəyini mütləq verməlidir”.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan gənc dövlətdir, ancaq buna baxmayaraq, öz maraqlarını müdafiə etməyə qadirdir və dünya miqyasında özünəlayiq yer tuta bilib: “İqtisadi müstəqilliyin əldə edilməsi nəticəsində siyasi müstəqillik də təmin edilir. Azərbaycan bu gün xarici siyasətlə bağlı nəinki bölgədə, regionda, dünya miqyasında öz rolunu oynayır. Daxildə gedən proseslər ölkəmizi daha da gücləndirir. Son illərdə Azərbaycanda aparılan islahatlar, həyata keçirilən infrastruktur layihələri, sosial məsələlərin həlli ölkəmizi böyük dərəcədə gücləndirib. Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə var”.
 

Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə olduğunu bəyan edən ölkə başçısı deyib ki, cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə bu istiqamətdə daha da böyük uğurlara çatacağıq: “Eyni zamanda, biz bütün siyasətimizi elə qurmalıyıq ki, ölkəmizin dayanıqlı inkişafı təmin edilsin. Çünki bu gün Azərbaycana qarşı dünyada çox böyük qüvvələr hərəkətə keçiblər. Əlbəttə ki, ilk növbədə erməni lobbisi Azərbaycana qarşı kampaniya aparır, mütəmadi qaydada ölkəmizi qaralamaq, ləkələmək, Azərbaycan haqqında təhrif edilmiş rəy yaratmaq üçün fəaliyyət göstərir.
XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilib. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilib. Ancaq bu mübarizə davam edir və davam edəcək. Ona görə də biz buna hazır olmalıyıq”.
 

Prezident jurnalistlərə deyib ki, ölkəmizin uğurlu inkişafını, müstəqil siyasətini bəzi xarici dairələr qəbul etmək istəmir: “Ölkəmizin önəmi, təbii resurslarımızın mövcudluğu, müstəqil siyasətimiz və öz gücümüzə olan inamımız, əlbəttə ki, Azərbaycanı bu sahədə çox cəlbedici ölkəyə çevirir. Azərbaycanı təsir altına salmaq, təzyiq etmək, öz tərəfinə çəkmək cəhdləri son 10 il ərzində durmadan aparılır. Bəzi məsələlərdən media nümayəndələri xəbər tuturlar, bəzi məsələləri onlar çox düzgün təhlil edirlər. Məhdud da olsa məlumatdan istifadə edib, düzgün təhlil aparmaq üçün imkanlar var. Amma bir çox məsələlər cəmiyyət üçün qaranlıq olaraq qalır.
Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - “qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq”.
 

Prezident bildirib ki, əsas məsələ yerli medianın xarici təsirdən azad olmasıdır: “Əlbəttə, biz demokratik cəmiyyətdə, plüralizm şəraitində yaşayırıq, müxtəlif fikirlər, siyasi baxışlar ola bilər. Mediamızın bir hissəsi hələ ki, siyasi partiyalara bağlıdır. Bu, ayrı bir mövzudur. Mənim bu məsələ ilə bağlı öz fikirlərim var. İstəmirəm bu barədə geniş danışım. Amma hər halda inkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, güclü medialar siyasi təsirdən bir qədər azad olmalıdır. Ancaq hələ ki, bu, belədir. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə, ölkədə aparılan siyasətlə bağlı müxtəlif fikirlər var və olmalıdır. Bu, təbiidir. Ancaq bir məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq.
Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar”.

 

Prezident qeyd edib ki, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzuları, araşdırmalar bizim ümumi işimizə dəstək verir: “Milli mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmamağı - bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq. Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir”.
 

İlham Əliyev çıxışında vurğulayıb ki, “Jurnalistlərin dostu” mükafatına layiq görülmək onun üçün böyük şərəfdir: “Mənim həyatımda çoxlu mükafatlar, təltiflər olub. Ancaq Azərbaycan mediasının mükafatı onların içində xüsusi yer tutur. Jurnalistlərin dostu kimi çalışacağam ki, bundan sonra da azad jurnalistikanın inkişafı üçün öz səylərimi əsirgəməyim. Mən dostluqda sadiq adamam və hesab edirəm ki, bizim dostluğumuz bundan sonra da uğurla davam edəcək”.

 

Tədbirin sonunda prezident İlham Əliyev yekun nitqi ilə çıxış edib. Jurnalistlərin səsləndirdiyi təklifləri dinləyən prezident bu təkliflərə öz münasibətini bildirib: “Burada bir neçə təklif səsləndi. İstərdim ki, bu təkliflərə öz münasibətimi bildirim. Qabiliyyət imtahanları ilə bağlı hesab edirəm ki, bu, çox düzgün təklifdir və bunu biz nəzərə almalıyıq. Çünki jurnalistika xüsusi bir peşədir. Burada sadəcə olaraq gələcək jurnalistlərin peşəkarlığı, bacarığı testlə ölçülə bilməz. Ona görə hansısa formada, - əgər bu qabiliyyət imtahanı olarsa, - mən buna etiraz etmirəm. Baxın hansı formada bunu etmək mümkündür.
Seriallarla bağlı Aqil müəllim öz fikirlərini bildirdi ki, Azərbaycanda televiziya seriallarına dövlət öz dəstəyini verir. Doğrudan da belədir. Bilirsiniz, bunun səbəbi ondan ibarət idi ki, Azərbaycan telekanallarında daha çox xarici seriallar nümayiş etdirilirdi. Bir çox hallarda bu seriallar xarici ölkələrin həyat tərzini, məişət münasibətlərini əks etdirirdi. Seriallar əslində milli seriallar olmalıdır ki, Azərbaycan vətəndaşlarının maraqlarını təmin etsin. Ona görə qərar qəbul edildi ki, xarici seriallar müvəqqəti olaraq Azərbaycan televiziyalarından çıxarılsın. Belə olan halda məsələ qalxdı ki, bəs yerli serialları çəkmək üçün imkan yoxdur. Ona görə də biz belə qərar qəbul etdik. Bu gün görürəm ki, müəyyən çətinliklər olsa da, hər halda artıq yerli seriallar maraq doğurur və burada bir neçə məqsəd güdülür. İlk növbədə biz öz mövzularımız ətrafında tamaşaçılara məlumat veririk. Eyni zamanda, serialların çəkilişi, xüsusilə dövlət vəsaiti hesabına olanda iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bu da aktyorlar, rejissorlar, ssenari müəllifləri və bu işlərlə məşğul olanlar üçün əlavə qazanc mənbəyidir. Əlbəttə ki, Azərbaycanda bundan sonra da həm kino, həm də seriallar çəkiləcək. Azərbaycan dövləti bu sahəyə öz dəstəyini bundan sonra da əsirgəməyəcək”.
Prezident qocaman jurnalist Şirməmməd Hüseynovla bağlı danışarkən bildirib ki, Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı onun işinə çox yüksək qiymət verib: “Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olub. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstəriblər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulub”.

İlham Əliyev qeyd edib ki, bugünkü Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Dövlət başçısı bildirib ki, hökumət ahıl jurnalistlərin vəziyyəti ilə bağlı qaldırılan məsələyə də baxa, dövlət dəstəyini göstərə bilər: “Bu hansı formada ola bilər, onu siz müəyyən edin. Biz buna mütləq baxmalıyıq. Çünki Azərbaycanda, ümumiyyətlə, hər bir sahədə xidmət göstərmiş, böyük işlər görmüş veteranlara çox böyük diqqət göstərilir. Bu, belə də olmalıdır. Bu, bizim cəmiyyətimizin əsaslarını təşkil edir. Hər bir cəmiyyətin, o cümlədən Azərbaycan cəmiyyətinin mənəvi dayaqları, sütunları vardır. Bunların içində yaşlı nəslə münasibət, hesab edirəm ki, ön plandadır. Heç də hər bir ölkədə belə deyil. Azərbaycanda bu sahədə də tarixdən gələn meyllər, sifarişlər onu göstərir ki, bizim cəmiyyətimiz bu sahədə də nümunə ola bilər. Bir qədər bundan əvvəl mən yeni tikilmiş ahıllar evinə baş çəkdim, maraqlandım. Əlbəttə, orada şərait çox gözəl idi, beşulduzlu otelə bənzəyirdi. Ancaq maraqlandım və mənə məlumat verdilər ki, Azərbaycanda cəmi bir neçə belə ahıllar evi var. Bizim milli adət-ənənələrimiz, milli bayramlarımız, böyüklərə olan hörmət, böyük- kiçik münasibətləri daim qorunmalıdır və qloballaşan dünyada buna daha da böyük diqqət verilməlidir. Çünki qloballaşma bir çox hallarda eyniləşmə prinsipi əsasında təsvir edilir. Buna yol vermək olmaz. Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir. Mən bu barədə də dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm və əminəm, siz hamınız bununla razılaşarsınız ki, gənclər milli ruhda, vətənpərvərlik ruhunda böyüməlidirlər və yaşlı nəslə olan hörmət, eyni zamanda, bu gözəl hissləri daha da gücləndirir”.
 

Prezident son zamanlar qəzet satışı ilə bağlı yaranan problemlərlə bağlı qaldırılan məsələyə də münasibət bildirib. O deyib: “Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da əlbəttə ciddi düzəlişlərə ehtiyac var. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlib. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.
Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.
Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır. Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcək. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcək. Eyni zamanda, indi kəndlərdə də internet var. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni, dövlət bu işi öz üzərinə götürüb.
Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın”.

Dövlət başçısı qeyd edib ki, jurnalistlərlə görüşünün bazar gününə təsadüf etməsi onun üçün adi iş cədvəlidir: “Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaq. Dünən də olub. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən, görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır”.
 

Prezident qeyd edib ki, siyasi baxışlar müxtəlifdir və bu, təbiidir: “Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır – Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.
Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa istisna edilmir ki, siz məni üçüncü dəfə “Jurnalistlərin dostu” seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1393
avatar

Oxşar yazılar