Lent.az-ın "AzərTac"-a istinadən məlumatına görə, görüşdə çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan-NATO əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib, Prezident İlham Əliyevin budəfəki səfərinin qarşılıqlı əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb.
Sonra Prezident İlham Əliyev çıxış edərək NATO-Azərbaycan əlaqələrinin yaxşı tarixə malik olduğunu söyləyib və bu əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, hazırda Azərbaycan hərbçilərinin Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirak etdiklərini deyib.
Prezident İlham Əliyev son illərdə ölkəmizin sürətlə inkişaf etdiyini, iqtisadi baxımdan böyük uğurlar qazandığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident Ermənistanın Azərbaycana təcavüzü və işğalın ağır nəticələrindən söhbət açıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verib.
NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri çıxışlarında Azərbaycanın NATO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildiriblər, ölkəmizin Əfqanıstandakı sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğulayıblar.
Daimi nümayəndələr Azərbaycanın tranzit, maliyyə yardımı və digər sahələrdə bu prosesə xüsusi töhfə verdiyini bildiriblər. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edən daimi nümayəndələr artıq bu sahədə uğurlu əməkdaşlığın qurulduğunu, Trans-Anadolu, Trans-Adriatik və “Şahdəniz-2” kimi iri enerji layihələrinin bu prosesə mühüm töhfə verdiyini bildiriblər.