Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə,
görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, enerji sahəsində əməkdaşlığın önəmi qeyd olunub, BP-nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, ölkələrimizin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün həmçinin Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.