Prezident İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent. az-ın məlumatına Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib. O, ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığa toxunan A. Jilkin son illər ticarət dövriyyəsinin 4 dəfə çoxaldığını vurğulayaraq bunun növbəti illərdə daha da artacağına ümidvar olduğunu bildirib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin möhkəmlənməsinə A. Jilkinin verdiyi töhfəni yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xüsusi xidmətlərinə görə Aleksandr Jilkinin Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildiyini dedi və ordeni ona təqdim edib.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Azərbaycanın yüksək ordenlərindən olan “Dostluq” ordeni ilə təltif olunduğuna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.