"Kiçik və orta sahibkarlara dəstək artırılacaq" - <span style="color:red;">PREZİDENT
12 aprel 2016 16:30 (UTC +04:00)

"Kiçik və orta sahibkarlara dəstək artırılacaq" - PREZİDENT

Prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, prezident İlham Əliyev Palatanın üzvü olan şirkətlərin Azərbaycanda uzun illərdir fəaliyyət göstərdiklərini və ölkənin iqtisadi inkişafına böyük töhfələr verdiklərini vurğulayıb. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan əvvəl yaradıldığını deyən dövlət başçısı bunun ölkədə sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini bildirib.

 

Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan dövlət başçısı Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi, həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğunu da qeyd edib.  Qarşıda duran planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayaraq bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin görülməsini aktuallaşdırıb. İnkişaf etmiş ölkələrin heç biri neft və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti, texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı qüvvəsinə çevrilə biliblər.

 

“Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında qətiyyətlidir”, - deyən prezident İlham Əliyev Azərbaycan üçün neft və qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib və bildirib ki, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. Lakin bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma ehtiyac var.

 

Dövlət başçısı deyib ki, Azərbaycandakı müsbət demoqrafik vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq. Prezident İlham Əliyev idxaldan asılılığın azaldılmasının prioritet məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini bildirib.

 

İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlət başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu vurğulayıb.

 

Prezident İlham Əliyev hazırda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını, ölkəmizdə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirib və iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün Azərbaycanın tam qətiyyətli olduğunu qeyd edib.

 

Dövlət başçısı kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas məsələ olduğunu vurğulayıb.

 

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, “Ernst and Young” şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika Ticarət Palatasının birinci vitse-prezidenti və “Societe Generale” şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva, “Holcim” şirkətinin nümayəndəsi Rosen Papazov, “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, “PWC” şirkətinin nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel çıxış edərək müxtəlif təkliflər irəli sürüblər.

 

Prezident İlham Əliyev yekun nitqində kiçik və orta sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin göstəriləcəyini qeyd edib və maliyyə-bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə təşəkkürünü bildirib.

 

“ASAN xidmət”in fəaliyyətinə toxunan dövlət başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə çatdırıb. “Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və sıfır bürokratiya deməkdir”, - deyən Prezident İlham Əliyev “ASAN”ın Azərbaycan brendi olduğunu da vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar