Nazir: "İndiyə qədər 1500 polis cəzalandırılıb"
27 noyabr 2013 21:29 (UTC +04:00)

Nazir: "İndiyə qədər 1500 polis cəzalandırılıb"

Noyabrın 27-də daxili işlər naziri Ramil Usubov  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Repsi qəbul  edib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir DİN-in funksiyası və fəaliyyət istiqamətləri barədə qısaca məlumat verib, son illər qurumla Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb. O, qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz hələ Avropa Şurasının üzvü olmamışdan əvvəl, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar  qəbul edilib, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib.

 

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamlarından irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib.

 

Əməkdaşların peşəkarlığının, dünyagörüşünün artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi istiqamətində görülən işlər  məqsədyönlü və sistemli şəkildə həyata keçirilir. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən seminar-treninqlərdə son 4 ildə DİN-in 1500-ə yaxın əməkdaşı iştirak edib.

 

Bildirilib ki, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi baxımından yaradılmış «102 Xidməti», fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi məqsədilə Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sistemi, «Qaynar xətt», elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

 

Nazir ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması və hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə, ATƏT-in Bakı Ofisinin təşəbbüsü və dəstəyi ilə 2008-ci ilin yanvar ayından respublikanın bir sıra şəhər və rayon polis orqanlarında «Cəmiyyət dəstəkli polis» layihəsi həyata keçirildiyini, beynəlxalq təcrübəyə əsaslanaraq ölkə qanunvericiliyində müvafiq dəyişiklik edildiyini vurğulayıb.

 

Qonağın nəzərinə o da çatdırılıb ki, əməkdaşlar tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər Nazirliyin aidiyyəti idarəsi tərəfindən operativ və obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunur və müvafiq tədbirlər görülür. Təkcə son 5 ildə və cari ilin 9 ayı ərzində vətəndaşlarla kobud rəftara,  müxtəlif  hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1482 əməkdaş  cəzalandırılıb,  o cümlədən 114 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 109 nəfər tutduğu vəzifədən azad olunub, 20 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

 

Görülən bu və başqa məqsədyönlü işlərin nəticəsi olaraq ötən il polis əməkdaşları barədə şikayətlərin sayı 26 faiz, o cümlədən insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müraciətlər 45 faiz, Ombudsman Aparatına edilən şikayətlərin sayı 2 dəfə azalıb.     

 

Polis orqanlarının müvəqqəti saxlama yerlərinin (MSY) müasir standartlara uyğun yenidən qurulması yönündə də zəruri tədbirlər görülür. 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerləri inşa olunmuş, 51 MSY-də isə əsaslı təmir işləri aparılıb.

 

Müasir dövrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatında böyük və mühüm rolu olduğunu xatırladan nazir bu məqsədlə rəhbərlik etdiyi qurum tərəfindən ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, kütləvi informasiya vasitələrinin nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi, hüquqi-maarifləndirmə işinin gücləndirilməsi yönündə də zəruri işlər görüldüyünü bildirib.  

 

Xanım Maylis Reps səmimi qəbula, ətraflı məlumata və görülən işlərə görə təşəkkür edərək, insan hüquq və azadlıqlarının qorunması sahəsində istənilən ölkə polisi üçün vətəndaş dəstəyinin mühüm amil olduğunu  vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Oxşar yazılar