Natali Qule: “Azərbaycan çox etibarlı ölkədir”  -  MÜSAHİBƏ
29 noyabr 2013 12:03 (UTC +04:00)

Natali Qule: “Azərbaycan çox etibarlı ölkədir” - MÜSAHİBƏ

- Fransa-Azərbaycan dostluğunu necə dəyərləndirirsiniz?

 

- Fransanın xarici ticarət naziri Nikol Brikin Azərbaycanda səfərdə olduğu müddətdə bu barədə geniş müsahibə verib və iki ölkə arasında çox gözəl münasibətlərin olduğunu vurğulayıb. Onun fikirlərini təkrarlamaq istəmirəm. Ancaq mənim nöqteyi-nəzərimdən bizim münasibətlər çox uğurludur. Biz bir çox ciddi layihələr üzərində çalışırıq. Fransada yeni prezident seçildikdən sonra bu ilk fransalı nazirin Azərbaycana səfəridir. Bu gələcəkdə Azərbaycan və Fransa dostluğu üçün vacib bir siqnaldır.

- Fransa ictimaiyyəti və rəsmiləri Dağlıq Qarabağ münaqişəsi barədə nə bilir?

- Fransa xalqının Qarabağ problemi barədə tamamilə məlumatı yoxdur. Birincisi, onlar coğrafiyanı çox pis bilirlər. Bundan başqa bu ərazi onların tanımadığı bir yerdir. Fransa xalqından bu barədə nə isə bilmələrini gözləmək lazım deyil. Əgər təbii ki, erməni əsilli deyillərsə. Rəsmilərdə eynilə. Fələstin, İran, o cümlədən Afrika kimi Malidə də çoxsaylı konfliktlər baş verir. Dağlıq Qarabağ münaqişəsi isə dondurulmuş münaqişədir. Məsələ hələ həll olunmayıb. Biz sadəcə bu işi Minsk Qrupunun öhdəsinə buraxmalıyıq. Bu məsələ məhz sizin üçün vacibdir. Siz başa düşməlisiniz ki, böyük qlobal miqyasda bu, balaca məsələdir. Təbii ki, məsələn, mənim timsalımda Azərbaycanla birbaşa işləyən insanları çıxmaq şərti ilə. Mən bunun fərqindəyəm. Ancaq başqa insanlar bunun fərqində deyil. Birincisi, onlar bu barədə bilmirlər. İkincisi də Azərbaycan Fransa üçün uzaqdır. Ona görə də onlardan bu barədə bilmələrini gözləmək lazım deyil.

- Fransada çoxsaylı ermənilərin yaşamasının Azərbaycanla münasibətlərə təsir etmir ki?

- Fransada erməni kökənli çoxsaylı insanlar yaşayır. Lakin Fransa eyni zamanda Azərbaycanın da, Türkiyənin də dostudur. Bilirsiniz, biz məsələləri qarışdırmırıq. Siz müxtəlif insanlarla dost ola bilərsiniz. Dost olmayan hər iki tərəflə də dostluq edə bilərsiniz. Əgər insanlar düşməndilərsə, siz onların hər ikisi ilə dostluq münasibətləri qura bilərsiniz. Fransa böyük ölkədir. Biz münaqişədə iştirak etmirik. Biz Ermənistanın da, Türkiyənin də, Azərbaycanın da dostuyuq.

- Erməni və Azərbaycan diasporunun Fransada fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Erməni diasporu Fransada çox geniş və güclüdür. Bu fikirlə razıyam. Həm də səsli-küylüdürlər. Azərbaycan diasporu isə çox azdır. Lakin çox aktivdir. Bildiyimiz kimi, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bütün dünyada mədəni diplomatiya aparır və bu, çox effektli işdir. Ancaq siz hələ də çox deyilsiniz. Fransada ermənilər çoxdur, ancaq azərbaycanlılar və Türkiyədən olanlar çox azdırlar.

- Fransa Senatında qondarma " erməni soyqırımı" inkarına görə cəza tətbiq etməsi barədə qanun layihəsi barədə müzakirələr haqda nə deyə bilərsiniz?

- Bu məsələ hazırda yenilənməyib. Ali Məhkəmə tərəfindən təxirə salınıb. Biz artıq bu barədə danışmırıq. Mən dəfələrlə bu barədə mövqeyimi demişəm və bildirmişəm ki, tarixi tarixçilər yazmalıdırlar. Bu ölkədə hər kəs mənim mövqeyimi bilir. Birincisi, Fransa soyqırımı tanıyıb. Sonra Senatda "erməni soyqırımı" inkarına görə cəza tətbiq etməsi barədə qanun layihəsi müzakirə edildi. Bununla bağlı isə mən yenə təkrar edirəm ki, tarixi siyasətçilər deyil, tarixçilər yazmalıdır.

- Fransa-Azərbaycan münasibətlərinin inkişafını necə gözləyirsiniz?

- Biz çox geniş razılaşmalara ehtiyac duyuruq. Azərbaycan balaca ölkə deyil. Azərbaycan regionda çox vacib və güclü ölkədir. Regionun stabilliyi üçün çox vacib ölkədir. Hesab edirəm ki, geniş əməkdaşlığımız üçün potensial var. Enerji sahəsində də əlaqələrimiz çox gözəl inkişaf edir. Bizim əla münasibətlərimiz var və Azərbaycan çox etibarlı ölkədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 786
avatar

Oxşar yazılar