Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda əsas mövzulardan biri Müsavat başqanı İsa Qəmbərin yanvarın 27-də Lənkərana səfəri olub.
İctimai-siyasi durumun təhlili zamanı İsmayıllıda baş verən etiraz aksiyaları və son durum bir daha müzakirə edilib. Divan hakimiyyətdən İsmayıllı camaatının tələblərinin yerinə yetirilməsini tələb edib, etiraz edənlərin həbsini pisləyib.
Yığıncaqda yanvarın 26-da bir qrup gəncin İsmayıllıda baş verənlərə dəstək aksiyasına da münasibət bildirilib, aksiya iştirakçılarına tətbiq olunan cərimələrə və həbslərə etiraz ifadə olunub.