"Azərbaycan prezidentinin sərəncamını, eyni zamanda dövlətçilik tariximizə və ənənələrimizə, bu ənənələrin inkişafına verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, belə qərarlar milli dövlətçiliyimizə, onun təməl prinsiplərinə, bu prinsipləri təbliğ edən və qoruyan insanlara olan rəğbəti artırır, xalqımızın gələcəyə daha böyük ümidlərlə baxmasına, tarixi strateji hədəflərimizə doğru daha inamla addımlamasına zəmin yaradır".
Böyük Quruluş partiyasının sədri, deputat Fazil Mustafa də dövlət başçısının sərəncamını alqışlayıb. Azərbaycanda məhz bu düşüncənin önə çıxmasını arzuladığını deyən millət vəkili yaxın tariximizin ən böyük siması hesab etdiyi, siyasi, elmi irsi ilə Azərbaycan dövlət modelinin qurucusu olan Məmmədəmin Rəsulzadənin anadan olmasının 130 illiyinin 2014-cü ildə qeyd olunması barədə prezidentin sərəncam imzalamasını yüksək qiymətləndirfiyini bildirib:“Məmmədəmin Rəsulzadənin haqqını tanımaq, adını yaşatmaq hər bir vicdanlı azərbaycanlının borcudur. Azərbaycanda haqqına sayğısız yanaşılan daha bir böyük şəxsiyyət var: o da Vətənimizin xilaskarı Nuri Paşadır. İnanmaq istərdim ki, yaxın günlərdə prezident onun da xatirəsinin əbədiləşdirilməsi barədə mürəciətimizi nəzərə alacaq, bəzi səbatsız tarixçiləri, siyasətçiləri öz addımı ilə məyus edəcək. Çünki prezidentin Nuri Paşa ilə bağlı sərəncamından sonra onun fəaliyyətini şübhəli şərh edənlərin, gördüyü böyük əməlləri təhrif edənlərin daha nə söyləyəcəkləri maraqlıdır mənim üçün”.