Müsavat Partiyasının başqanı İsa Qəmbər martın 30-da Türkiyəyə səfər edəcək.
Bu barədə musavat.com-a Müsavat başqanı özü məlumat verib. Onun sözlərinə görə, Türkiyəyə bu dəfə Böyük Birlik Partiyasının dəvəti ilə gedir: “Həmin partiya Muhsin Yazıçıoğlunun xatirəsi ilə bağlı tədbirlər silsiləsi keçirir. Tədbirlərdən ən böyüyü Eskişəhərdə keçiriləcək beynəlxalq simpoziumdur. Bir çox xarici qonaqlar dəvət olunub. Eyni zamanda mən də simpoziuma məruzəçilərdən biri kimi dəvət olunmuşam. Martın sonunda bir neçə günlüyə Ankaraya səfər edəcəyəm. Oradan da Eskişəhərə”.
Müsavat başqanı deyib ki, bu sırf həmin tədbirdə iştirak etmək üçün səfərdir: “Ankarada olarkən Azərbaycan Kültür Dərnəyini mütləq ziyarət edəcəyəm, köhnə dostlarımızla söhbətlərimiz, görüşlərimiz olacaq. Eyni zamanda Ankara türk dünyasının siyasi mərkəzi olaraq çox önəmli bir yerdir və təbii ki, orada hər zaman görüşlər, məsləhətləşmələr olur və olacaq”.