İlham Əliyev: “Münasibətlərimiz böyük qarşılıqlı etimad dayanır”
22 noyabr 2013 01:09 (UTC +04:00)

İlham Əliyev: “Münasibətlərimiz böyük qarşılıqlı etimad dayanır”

"Azərbaycan-Belarus əlaqələri müntəzəm xarakter daşıyır. Yüksək səviyyəli səfərlər yetərincə intensiv olur. Bu, Belarus ilə Azərbaycan arasında münasibətlərin göstəricisidir. Son illərdə bu münasibətlər çox böyük yol keçib və çox yüksək səviyyəyə çatıb”.

APA-nın verdiyi xəbərə görə, bunu noyabrın 21-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib. Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır.

 

Dövlət başçısı çıxışında iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün çox yaxşı perspektivlərin olduğunu qeyd edib: “Əmtəə dövriyyəsinin artmasına baxmayaraq, o, təbii ki, bizim potensialımızı hələ tam əks etdirmir. Biz birgə istehsalatlar yaradılması istiqamətində də fəal iş aparırıq. Dünən Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılışı zamanı Belarus tərəfinin dəstəyi ilə Azərbaycanda istehsal olunmuş texnika nümayiş etdirildi. Bu, bizim müəssisələr arasında istehsal əlaqələrinin necə fəal inkişaf etməsinə əyani sübutdur. Çox sevindirici haldır ki, prezidentlər kimi bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və keyfiyyətlə həyata keçirilir”.

 

Azərbaycan prezidenti qeyd edib ki,  Azərbaycan-Belarus münasibətlərinin əsasında çox böyük qarşılıqlı etimad dayanır: “Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Hərçənd, bu gün imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaq. Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız var. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir”.

 

Dövlət başçısı təhsil sahəsində, humanitar sahədə, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı, istehsalat, hərbi-texniki əməkdaşlıq, energetika sahələrində mühüm məsələlərin müzakirə edildiyini bildirib: “Görürsünüzmü, təkcə bu istiqamətlərin sadalanması çox şeydən xəbər verir və hər bir istiqamət üzrə yaxşı nəticələr, konkret layihələr, proqramlar var”.

 

“Biz prezidentlər tərəfindən qəbul edilmiş qərarların icrasını gələcəkdə də daim nəzarətdə saxlamaq niyyətindəyik və bu gün ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək barədə də razılaşdıq. Artıq yaxşı nəticələr əldə edilmiş sahələrdə səylərimizi artırmalı, yeni istiqamətləri fəallaşdırmalıyıq. Məhz investisiya imkanlarını, Belarusda özəlləşdirmədə Azərbaycan müəssisələrinin iştirakını, habelə birgə istehsal edilmiş məhsulların üçüncü ölkələrin bazarlarına birgə çıxarılması məsələlərini ikitərəfli münasibətlərimizin yeni mövzuları kimi müəyyən etdik. Zənnimcə, biz bu yeni istiqamətlərdə də çox müsbət məqamlar tapacağıq. Biz çalışacağıq ki, bu yeni istiqamətlər ikitərəfli münasibətlərin geniş gündəliyinin tərkib hissəsinə çevrilsinlər”, deyə prezident vurğulayıb.

 

Prezident İlham Əliyev Belarus prezidentinin Azərbaycana səfərinin nəticələrindən çox məmnun olduğunu deyib: “Dünən biz birgə işə başladıq, çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional münasibətlərlə bağlı çox mövzulara toxunduq. Bizim aramızda yaxşı qarşılıqlı anlaşma var. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar