İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransının 12-ci sessiyasında Xocalı faciəsi soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb.
Lent.az-ın verdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının 12-ci sessiyası 6-7 fevral tarixlərində Qahirədə keçirilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Qahirə Sammitində iştirak edən nümayəndəsi Elməddin Mehdiyev bu barədə qərarın bu gün öz işini tamamlayan Zirvə Görüşündə bütün üzv ölkələrin konsensusu əsasında Yekun Kommunikedə öz əksini tapdığını bildirib. İKGF-nin mədəniyyətlərarası dialoq üzrə bas koordinatoru Leyla Əliyeva tərəfindən təsis edilmiş “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu Kommunikenin “Humanitar Məsələlər” başlığı altında qəbul edilən bəndində 57 ölkənin dövlət başçıları tərəfindən alqışlanıb. Həmin bənddə 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam soyqırım və insanlığa qarşı cinayət adlandırılır. Həmin bənddə üzv dövlətlər kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır.
Qeyd edək ki, Qahirə Zirvə Görüşü öncəsi İKGF-nin baş katibi Elşad İskəndərov təşkilatın üzv ölkələrinə kampaniyaya dəstək verilməsi ilə bağlı məktub göndərib və bu gün işini tamamlamış zirvə görüşündə İƏT-in ən ali orqanı səviyyəsində kampaniyanın apardığı haqq işə tam dəstəyini verib.