"Bu il ötən illə müqayisədə Azərbaycanla Həştərxan vilayəti arasındakı ticarət dövriyyəsinin həcminin dörd dəfə artmasına nail olacağıq".
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin deyib. O qeyd edib ki, bu tendensiya yaxın beş ildə artımla müşahidə olunacaq: “Mən Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüm. Biz aviaəlaqənin bərpa olunmasını və Həştərxanda Azərbaycan Konsulluğunun açılması məsələsi də müzakirə etdik. Bundan başqa, Azərbaycan tarixən yod hasilatında yaxşı təcrübəyə malikdir və biz hazırda bu sahədə layihə hazırlayırıq”.
Aleksandr Jilkin bildirib ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf edir: "Xəzərdəki yataqların istismarı gəmi tərsanələrinin çox ciddi kooperasiyasını da tələb edir. Bu il Bakı tərsanəsi tam müasirləşdirilib. Həştərxanda 6 gəmiqayırma zavodu var, biz bu sahədə əməkdaşlığa maraq göstəririk”.
Azərbaycanın paytaxtında Bakı və Rusiyanın Həştərxan şəhərinin dostluğuna həsr olunmuş parkın və abidənin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və digər rəsmi şəxslər iştirak edib.