Elxan Süleymanov: ”ATƏT müşahidəçilər göndərəcək ”
26 avqust 2013 10:55 (UTC +04:00)

Elxan Süleymanov: ”ATƏT müşahidəçilər göndərəcək ”

“ATƏT PA-nın yalnız parlament seçkilərini müşahidə etdiyi barədə iddialar əsassızdır”

 

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 30 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyası formalaşdırıb. Müşahidə missiyasına kimin rəhbərlik edəcəyi də artıq məlumdur”. Bu açıqlamanı APA-ya Azərbaycanın AVRONEST Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov verib.

 

Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu həmçinin 280 nəfərdən ibarət qısa müddətli missiya formalaşdırmaq barədə qərar qəbul edib və bu müşahidəçilərin də yaxın zamanda müəyyənləşəcəyi gözlənilir.

 

“Eyni zamanda Avropa Şurası Parlament Assambleyası müşahidə missiyasının da prezident seçkilərini izləyəcəyi məlumdur və məlumat üçün bildirmək istəyirəm ki, AŞPA-nın 5-7 nəfərdən ibarət uzunmüddətli müşahidə missiyasının üzvləri artıq sentyabrın 11-də Bakıya gələcəklər. Avropa Parlamenti isə Azərbaycanı seçkilərin izlənəcəyi ölkələrin siyahısına salmayıb. Lakin, o da istisna edilmir ki, sentyabr ayında bu mövqe dəyişilə bilər. ATƏT Parlament Assambleyasının  prezident seçkilərində müşahidə missiyasının olacağı ilə bağlı deyə bilərəm ki, nüfuzlu mənbələrdən aldığım məlumata görə, hələ iyul ayında ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərmək qərarına gəlmişdi. Lakin, sonradan hansı səbəbdənsə mətbuatda bu qurumun Azərbaycandakı seçkilərə müşahidə missiyası göndərməyəcəyi barədə məlumatlar yayıldı. Həmin məlumatlarda müşahidə missiyasının gəlməyəcəyinə əsas kimi iki arqument göstərilirdi. Birinci arqument o idi ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ATƏT PA-nın Budva şəhərində keçiriləcək sessiyası ilə üst-üstə düşür. İkinci səbəb kimi isə ATƏT PA-nın bir qayda olaraq prezident seçkilərini deyil, parlament seçkilərini müşahidə etməsi göstərilirdi. Lakin, bildiyiniz kimi, prezident seçkiləri oktyabr ayının 9-a təyin edilib və bu tarix sessiyanın keçiriləcəyi tarixlə toqquşmur”.

 

Elxan Süleymanov digər səbəbin isə ümumiyyətlə əsassız olduğunu deyib: “Belə ki, ATƏT PA bir sıra ölkələrdə prezident seçkilərinə müşahidə missiyası göndərib. O cümlədən, yaşadığımız regionda yerləşən Ermənistanda bu ilin fevral ayında keçirilən prezident seçkiləri bu qurumun müşahidə missiyası tərəfindən izlənilib. Həmçinin, ATƏT PA-nın oktyabrın 27-də qonşu Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərilməsi barədə qərarı var. Belə olan halda Azərbaycandakı prezident seçkilərinə müşahidə missiyasının göndərilməməsi regionda yerləşən ölkələrə yanaşmada ayrı-seçkilik kimi qəbul oluna bilər və bu da heç şübhəsiz, ATƏT-in regionda olan nüfuzuna xələl gətirəcək amildir. Məndə olan məlumata görə, ATƏT PA Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar