Əli Hüseynli “Nida”çıların həbsindən danışdı
12 mart 2013 18:28 (UTC +04:00)

Əli Hüseynli “Nida”çıların həbsindən danışdı

“Son günlər keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan “Nida” Vətəndaş Hərəkatının təşkilatının üzvlərinin həbsini və ifadələrini ciddi qəbul etməyənlər, xüsusilə bəzi hüquq müdafiəçiləri qeyri peşəkarlardır”.


 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Ə. Hüseynli bildirib ki, təşkilat üzvlərinin həbsi hüquqi müstəvidə tam aydındır, ilkin mərhələdə hələ ki, ortada təkzib olunmaz sübutlar var: “Əlbəttə ki, hər bir şəxsin təqsirsizlik prezumpsiyası da qorunur, amma indiki mərhələdə əldə olunan sübutlar, onların ittiham olunduqları ciddi maddələrə münasibətdə yaşları tam əsas verir ki, onlar haqqında həbs qətimkan tədbiri seçilsin. Onların yaşları və fəaliyyətləri bu barədə müstəqil qərar vermək üçün yetərlidir”.

 

Ə. Hüseynli “Nida” üzvlərinin həbsinin davamı olaraq yeni həbslərin olacağı ehtimalına toxunaraq bildirib ki, bunu istintaqın gedişi göstərəcək.

 

Qeyd edək ki, martın 8-də Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu “Nida” Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yayıb. Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü, Bakı şəhəri 17 saylı peşə liseyinin 3-cü kurs tələbəsi Quliyev Bəxtiyar Səməndər oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, S.Hüseynov küçəsi ev 3B-yə  baxış keçirilərkən oradan 19 ədəd şüşə butulkaların içərisində tez alışan “Molotov kokteyli” adlanan maye, narkotik vasitə olan 255,40 qram həşiş qətranı və 15,48 qram qurudulmuş marixuana aşkarlanıb. Eyni zamanda  1995-ci il təvəllüdlü, “Odlar Yurdu” Universitetinin 3-cü kurs tələbəsi Novruzlu Şahin İbrahim oğlunun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 50 ünvanına keçirilən baxış zamanı oradan 3 ədəd “Molotov kokteyli”, 94 min manat məbləğində pul, 252,27 qram həşiş qətranı tapılıb.  Həmçinin 1992-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əzizov Məmməd Rasim oğlunun kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Mir-Cəlal küçəsi ev 18, mənzil 88-ə keçirilən baxış zamanı 174,54 qram  qurudulmuş marixuana, üzərində “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqlərin kserosurətləri aşkar edilərək götürülüb.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052
avatar

Oxşar yazılar