“Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Dağlıq Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi son fikirlərlə çox ciddi səhvə yol verib”.
APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Sergey Narışkinin Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Ə. Əhmədov qeyd edib ki, S. Narışkin bu fikirləri söyləməklə həm də ciddi unutqanlığa yol verib: “O ən azından Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü unutmamalıydı. Çünki bu missiyanı öz üzərinə götürmüş dövlətin ən mühüm vəzifəsi üzərinə götürdüyü missiyanı tezliklə uğurla yerinə yetirməkdən ibarətdir”.
Ə. Əhmədov Rusiyanın da üzv olduğu Minsk Qrupunun bu barədə fəaliyyətindən də danışıb: “Biz çox təəssüf edirik ki, Minsk Qrupu 20 ildən artıqdır ki, fəaliyyət göstərsə də, münaqişənin nizamlanması istiqamətində həlledici addım atılmayıb. Əlbəttə ki, mən Minsk Qrupunun bu vaxta qədər olan fəaliyyətini heçə endirmək istəmirəm. Amma görünən odur ki, Minsk Qrupu bu günə qədər üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilməyib. Mən təəssüf edirəm ki, həmsədrlərdən biri olan Rusiyanın kifayət qədər yüksək siyasi vəzifəsi olan bir şəxsi belə bir bəyanat səsləndirdi. Bu ondan xəbər verir ki, Rusiyada münaqişənin həll olunması üçün lazımi qədər səylər göstərmək niyyətində olmayan insanlar da var. Hesab edirəm ki, Rusiya həmsədrlərdən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına ciddi təsir göstərmək imkanlarına malik olan bir ölkə kimi bu münaqişənin həll olmasına öz töhfəsini verməyə çalışacaq. Ən azından biz buna inanırıq. İnanmasaydıq Azərbaycan Rusiyanın həmsədr kimi fəaliyyət göstərməsinə etiraz edərdi. Rusiyanın vəzifəsi isə bu inamı doğrultmaqdan ibarət olmalıdır”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri Fransa parlament nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ məsələsinə toxunaraq bildirib ki, münaqişənin tezliklə həllini gözləməyə dəyməz.