Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov tutduğu postdan geri çağırılması üçün prezident İlham Əliyevə müraciət edib. Bu haqda modern.az saytına səfir Eldar Həsənovun özü məlumat verib. Uzun müddətdir diplomatik fəaliyyətlə məşğul olduğunu deyən E.Həsənov ölkə başçısına belə bir müraciət etməsinin səbəbini işlərinin ağırlığı ilə izah edib.
“Əlbəttə qürur duyuram ki, mən Rumıniyada ulu öndər Heydər Əliyevin sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir təyin olundum. Uzun illərdir orada çalışıram. Təbii ki, bu istiqamətədə əldə etdiyimiz nailiyyətlər Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin uğurlu siyasətin nəticəsidir. Fərq etməz səfir kimdir. Önəmli olan odur ki, xarici siyasət düzgün, Azərbaycanın milli mənafeyinə söykənən siyasət olsun. Bu reallıqdır. Hər şey qöz qabağındadır. Sadəcə məsuliyyətli icradan, xidməti vəzifəsinə vicdanlı yanaşmadan söhbət gedə bilər. Əgər mən və çalışdığım diplomatlar bunu yerinə yetirə bilmişiksə, sevindirici haldır.
Mən cənab prezidentə müraciət etmişəm. Rumıniyada uzun müddətdir işləyirəm. Bildiyimiz kimi, eyni zamanda digər 3 ölkədə - Serbiya, Bosniya Hersoqovina, Monteneqroda da Azərbaycanın səfiri vəzifəsində çalışıram. Həm məsafə baxımından, həm işin həcminə və çoxluğuna görə ölkə başçına belə bir müraciət etmişəm. Həm də Xarici İşlər Nazirliyinin rəhbərliyinə müraciətim olub. Amma mənim geri çağırılmağımla bağlı məsələ müstəsna olaraq cənab prezidentin səlahiyyətindədir. Cənab Prezident nə qərar qəbul etsı, həmin qərar mənim tərəfimdən hörmətlə qarşılanacaq və icrası həyata keçiriləcək”-deyə səfir bildirib.
Eldar Həsənov deyib ki, bundan sonra da diplomatik fəaliyyətini davam etdirəcək: " Bu peşə mənim üçün sonradan gəlmə olsa belə, mən diplomatik sahədə özümü daha rahat hiss edirəm. Dövlətimizə, milli maraqlarımıza, prezidentimizin həyata keçirdiyi siyasətə xidmət etməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə əlimdən gələni edəcəm, üzərimə düşən vəzifə borcumu harada olmasından aslı olmayaraq, həyata keçirməyi özümə bir vətəndaş borcu hesab edirəm. Burda da mən qərar sahibi deyiləm. Sözsüz ki, burada da hər şey dövlətimizdən, cənab prezidentimizin verəcəyi qərardan asılıdır. Hər bir qərara hörmətlə yanaşıram”.
Qeyd edək ki, Azərbaycanın sabiq baş prokuroru Eldar Həsənov 2001-ci il 28 martda Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiridir.