Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsi ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycan sərhədlərindən hər il böyük miqdarda narkotik vasitələrinin keçirilməsi ilə bağlı yer alan məlumatlarla bağlı araşdırmalar aparır.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə DSX rəisi, general-leytenant Elçin Quliyev bildirib.
E. Quliyevin sözlərinə görə, sabah bununla bağlı daha təfsilatı ilə məlumat veriləcək: «Düşünürəm ki müəyyən KİV-lərdə informasiyanın oxunulması və ictimaiyyətə çatdırılmasında yanlışlıqlara yol verilib. Bizim sərhədlərimizin böyük bir hissəsi hazırda işğal altındadır. Azərbaycan dövləti dəfələrlə qeyd edib ki, orada narkotrafikə yol verilir. Bura nəzarətsiz qalmış Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik bir hissəsidir. Düşünürəm ki, həmin məlumatlar dövlət sərhədlərimizin məhz həmin hissəsinə şamil edilib”.