Almaniyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri və Azərbaycan Diasporu hər il olduğu kimi bu il də 1918-ci il martın 31-də baş vermiş faciəni müxtəlif aksiya və tədbirlərlə yad edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Berlindəki Azərbaycan evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Alman-Azərbaycan Gənclər Assosiasiyası birgə etiraz nümayişi keçirməyi nəzərdə tutub.
Etiraz aksiyası martın 31-də Berlinin mərkəzi Brandenburq darvazaları önündə təşkil olunacaq. Nümayişdən sonra Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlindəki Azərbaycan Evində anım mərasimi keçiriləcək. Təşkilatçılar Azərbaycan xalqına edilən haqsızlıqları alman ictimaiyyətinə çatdırmaq, Azərbaycan diasporunun birlik və həmrəyliyini nümayiş etdirmək üçün Almaniyadakı soydaşlarımızı bu aksiyada iştirak etməyə çağırır.