Azərbaycandan Litvaya sərt etiraz
18 mart 2013 22:37 (UTC +04:00)

Azərbaycandan Litvaya sərt etiraz

Bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskası qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, grüşdə nazir müavini Xələf Xələfov Litva Seymində “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını bildirib.

 

Nazir müavini səfirin diqqətinə çatdırmışdır ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ ilə ayrıca dostluq qrupunun yaradılması nəinki Azərbaycan qanunvericiliyinin, eləcə də beynəlxalq hüququn kobud pozulması faktıdır. Xələf Xələfov bəzi litvalı deputatlar tərəfindən atılan bu addımın Azərbaycanla Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, həmçinin, ikitərəfli əlaqələrə kölgə saldığını təəssüflə qeyd edib. Nazir müavini bu addımın Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.

 

Arturas Jurauskas rəsmi Bakının narahatçılığını başa düşdüyünü, Azərbaycanın mövqeyini öz hökumətinə çatdıracağını söyləyib. Onun sözlərinə görə, ölkəsinin qanunvericiliyinə görə Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ var. Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir.

 

Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını bir daha səfirin nəzərinə çatdırıb. Xələf Xələfov deyib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.  Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskasa etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039
avatar

Oxşar yazılar