Azərbaycan və Xorvatiya prezidentləri arasında görüş olub
11 mart 2013 16:15 (UTC +04:00)

Azərbaycan və Xorvatiya prezidentləri arasında görüş olub

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Xorvatiya prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə,
ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir.
Görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti Xorvatiya prezidentinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub. Xorvatiya prezidenti İ. Yosipoviç ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

 

İqtisadi sahədə əlaqələrimizin inkişafı üçün yaxşı potensialın olduğunu deyən prezident Yobipoviç enerji, mədəniyyət, turizm və digər sahələrdə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
İvo Yosipoviç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin Xorvatiya tərəfindən dəstəkləndiyini bildirib.
Azərbaycana səfərini məmnunluqla xatırlayan Xorvatiya prezidenti xalqımızın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu deyib.
Prezident İlham Əliyev siyasi və iqtisadi sahədə fəal əməkdaşlığın olduğunu qeyd etdi, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni sahələrin müəyyən edilməsinin önəmini vurğulayıb.

Enerji sahəsində fəal əməkdaşlığın olduğunu deyən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində mühüm rolu olan Azərbaycanın Xorvatiya ilə bu sahədə də əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyini bildirib, beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini söyləyib.
 

Görüşdə qarşılıqlı investisiyaların qoyulması sahəsində məsələlər də müzakirə olunub. Bildirilib ki Azərbaycan hazırda bir çox ölkələrə fəal investisiya qoyur və Xorvatiya ilə investisiya məsələsində də əməkdaşlıq etmək arzusundadır.
Nəqliyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi perspektivlərinin də müzakirə olunduğu görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, yeni layihələrin həyata keçirilməsi planları ilə bağlı müzakirələr aparılıb.
Görüşdə ikitərəfli əlaqələrin bundan sonra da inkişafına əminlik vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499
avatar

Oxşar yazılar