Fevralın 8-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Serbiya Respublikasının prezidenti Tomislav Nikoliçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, bu səfərin çox gözəl yekunları olacaq: “Biz sizinlə artıq geniş fikir mübadiləsi apardıq və görürük ki, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm ki, sizin səfəriniz bizim siyasi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə, bu əlaqələr iqtisadi sahədə əlaqələrin inkişafına güclü təkan verəcəkdir. İqtisadi sahədə artıq birgə fəaliyyət üçün gözəl təcrübəmiz vardır. Əminəm ki, səfər zamanı yeni layihələr haqqında konkret və dəqiq qərarlar veriləcək. Xüsusilə energetika, nəqliyyat, investisiyaların qoyuluşu sahələrində əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Əminəm ki, sizin səfəriniz bütövlükdə Serbiya-Azərbyacan əlaqələrinin inkişafı üçün çox əhəmiyyətli olacaq və siz ölkənizə ən xoş arzularla, təəssüratlarla qayıdacaqsınız”.
Daha sonra Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç çıxış edərək
səmimi qəbul üçün minnətdarlığını bildirib: “Hesab edirəm ki, hər iki tərəf bu dostluqdan bəhrələnir və vaxt artıq gəlib yetişib ki, biz bu dostluğu konkret iqtisadi əməkdaşlığa çevirək. Serbiya əslində bunu hər zaman sizə təmənnasız edəcəkdir. Biz də istəyirik ki, siz bizə yardım edəsiniz ki, bu günə qədər apardığımız işlərin miqyasını daha da genişləndirək. Hesab edirəm ki, ölkələrimiz arasında olan birbaşa sərmayələr uzun perspektivli investisiyalara çevrilə bilər”.