Azərbaycan Sülhməramlı Qüvvələri xarici ölkələrdə döyüş əməliyyatlarında iştirak edəcək
25 aprel 2013 14:57 (UTC +04:00)

Azərbaycan Sülhməramlı Qüvvələri xarici ölkələrdə döyüş əməliyyatlarında iştirak edəcək

Azərbaycanın beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən sülhməramlı qüvvələri sülhün təminatı, yaradılması və hərbi əməliyyatlarda iştirak mərhələsinə keçəcək.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ “Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanuna ediləcək dəyişiklər zamanı müzakirəyə çıxarılacaq.

 

Layihəyə əsasən, Azərbaycanın sülhməramlı qüvvələrinə beynəlxalq miqyasda hərbi əməliyyatlara qoşulma, döyüş əməliyyatlarında birbaşa iştirak hüququ və beynəlxalq alyansın təyin etdiyi ərazidə nəzərdə tutulmuş hərbi əməliyyatı müstəqil şəkildə həyata keçirmək səlahiyyətləri verilir.

 

Hazırda qüvvədə olan qanuna görə isə Azərbaycanın sülhməramlıları yalnız mühafizə xidməti yerinə yetirir. Dəyişiklikdən sonra Azərbaycan sülhməramlıları mühafizə xidmətindən döyüş xidmətinə keçəcək.

 

Qanunun bu il Milli Məclisdə müzakirəyə çıxarılması planlaşdırılır.

 

Məsələ ilə bağlı APA-ya açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bu layihənin müəllifləri arasında olduğunu bildirərək, məsələnin tezliklə parlamentdə qaldırılacağını deyib.

 

Onun sözlərinə görə artıq beynəlxalq missiya, NATO da Azərbaycandan bunu istəyir: “Biz missiyada növbəti dövr üçün müəyyən vəzifələri öz üzərimizə götürmək üçün addım atmalıyıq. Bu isə sülhməramlı qüvvələrimizə sülhün təminatı və birbaşa hərbi əməliyyatlarda iştirak hüququnun verilməsidir. Bu səlahiyyət də Azərbaycanda sülhməramlı qüvvələrə nəzərdə tutulmuş qanuna qanunverici orqan tərəfindən dəyişiklik edilərək verilir. Yəni, Azərbaycan əsgəri hansısa xarici ərazidə hərbi əməliyyatlarda iştirak etmək səlahiyyətini müvafiq qanunla əldə edə bilər. İndiki qanuna görə isə xaricdə xidmət edən əsgərlərimizə yalnız sülhü qorumaq, mühafizə səlahiyyəti verilib”.

 

Deputat onu da bildirib ki, bu məsələ eyni zamanda tərəfdaş ölkələrlə ikitərəfli sənədlərə də daxil ediləcək. 

# 1185
avatar

Oxşar yazılar