Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasa, regionumuzda tamamilə fərqli reallıqlar yarana bilər.
Lent.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O vurğulayıb ki, Azərbaycan sülhü yalnız Ermənistan hökuməti ilə deyil, erməni xalqı ilə də bağlamaq istəyir.
Uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsi həll olunub və Azərbaycan bu prosesdə strateji səbir, strateji liderlik nümayiş etdirib. Lakin müharibəni qazandıqdan sonra sülhü də qazanmaq vacib məsələdir. Biz bu mübarizədə Prezident İlham Əliyevin strateji düşüncəsi və liderliyi ilə sülhə nail olduq.
Prezidentin köməkçisi qeyd edib ki, hazırda Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı sonuncu məsələnin həllini gözləyir və bundan sonra yekun sülh sazişinin imzalanması reallığa çevriləcək.
Hikmət Hacıyev bildirib ki, hazırda regionda faktiki sülh və təhlükəsizlik mövcuddur və bunun qorunması Cənubi Qafqazın daha geniş regional proseslərin mənfi təsirlərindən qorunması baxımından əhəmiyyətlidir: “Yaxşı xəbər ondan ibarətdir ki, Qafqazda sülh və təhlükəsizlik var. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, yəqin ki, regionumuzda tamamilə fərqli vəziyyət və reallıqlarla üzləşə bilərdik”.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanla uzun illər davam edən münaqişənin həllindən sonra sülhün əldə olunmasını və onun praktik müstəvidə möhkəmləndirilməsini prioritet hesab edir: “Biz həmişə deyirdik ki, müharibəni qazanmışıq, amma daha vacib məsələ sülhü də qazanmaq idi. Bu, həqiqətən də böyük səylər tələb edən bir prosesdir. Bunun üçün strateji düşüncə, səbir və Prezident İlham Əliyevin liderliyi lazım idi”.