Azərbaycanda səfərdə olan Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqonea Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Lent. az-ın məlumatına görə,
O. Əsədov deyib ki, Azərbaycanla Rumıniya arasındakı dostluq münasibətlərinin qədim tarixi var. Müstəqilliyimizin bərpasından sonra əlaqələrimiz yeni müstəvidə inkişaf etməyə başlayıb, dövlət başçılarının səyi nəticəsində münasibətlərimiz sadə əməkdaşlıqdan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən yüksək səviyyəli görüşlər zamanı ölkələrimiz arasında 55-dən çox sənəd imzalanmış, daha 5 sənəd isə imzalanma mərhələsindədir: Azərbaycan Rumıniyaya xam neft ixrac edir, gələcəkdə isə təbii qazın ixracında maraqlıdır. Bu səbəbdən AGRİ layihəsinin reallaşmasına böyük önəm verir. Bu gün hər iki ölkənin Nabukko, TANAP kimi layihələri dəstəkləməsi iqtisadi sahədə əməkdaşlığımızın genişlənməsində mühüm əhəmiyyət kəsb edir”.
Milli Məclisin sədri bu ilin əvvəllərində Rumıniya parlamentində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, xüsusən də Xocalı soyqırımının pislənməsinə dair bəyanatını yüksək qiymətləndirib.
Valeriu Zgonea deyib ki, Rumıniya Azərbaycana istənilən məsələdə dəstək verməyə hazırdır. Bu gün Rumıniya Avropada Azərbaycanın ən etibarlı tərəfdaşıdır.
Görüşdə Azərbaycanla Rumıniya arasında əlaqələrin inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin, qanunverici orqanlar arasında təcrübə mübadiləsinin əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.