Azərbaycan hardan və nə qədər silah alıb?
11 fevral 2013 16:59 (UTC +04:00)

Azərbaycan hardan və nə qədər silah alıb?

Azərbaycan 2002-ci ildən etibarən iri miqyaslı silahlanma proqramları həyata keçirib. APA-nın bildirdiyinə görə, bu barədə Rusiyada fəaliyyət göstərən Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında bildirilib.

 

2002-ci ildən başlayaraq Azərbaycanın silah və hərbi texnika satın aldığı ölkələr arasında Ukrayna, İsrail, Türkiyə, Rusiya, Belarus, CAR, Bosniya və Herseqovina var. Həmçinin bu dövrdə ABŞ Almaniyadan 2 ədəd TRML-3D tipli dəniz radarı alaraq Azərbaycana verib. Bundan başqa, Gürcüstandan 7 ədəd Su-25/UB «Qraç» tipli döyüş təyyarəsi, Bosniya və Herseqovinadan 10 ədəd 128 mm-lik RAK-12 «Plamen» reaktiv atəş sistemi satın alınıb.

 

Belarus

 

Mərkəzin hesabatına görə, Azərbaycan 2005-2006-cı illərdə Belarusdan 60 ədəd T-72 tankı, 2008-2009-cu illərdə 12 ədəd 203 mm-lik 2S7 «Pion», 2009-2010-cu illərdə 30 ədəd 122 mm-lik D-30 haubitsası, 2009-2010-cu illərdə 6 ədəd Su-25 «Qraç» tipli hücum təyyarəsi satın alıb. Bundan başqa, Belarus şirkətlərinin iştirakı ilə 2007-2009-cu illərdə 36 kompleks «Osa», 2009-2011-ci illərdə 27 kompleks S-125 «Peçora» zenit-raket sistemi modernləşdirilib. Modernləşmədən sonra S-125 TM «Peçora-2T» səviyyəsinə yüksəldilib. 2012-2014-cü illərdə daha 27 S-125 «Peçora» kompleksinin modernləşdirilməsi nəzərdə tutulur.

 

İsrail

 

Hesabatda Azərbaycanın ötən dövrdə İsraillə hərbi-texniki əməkdaşlığa geniş yer verdiyi, bu ölkədən yeni silah və texnikalar aldığı qeyd olunur. Hesabatda deyilir ki, 2010-2011-ci illərdə İsrail şirkətləri tərəfindən Azərbaycan Ordusunun inventarındakı T-72 tankları və BMP-2 tipli piyadaların döyüş maşınları modernləşdirilib. Tanklarda Elbit Systems şirkətinin TİSAS adlı atış kontrol sistemləri qurulub. Bundan başqa, Azərbaycan İsraildən 9 ədəd «Links» reaktiv yaylım atəş sistemləri, 120 mm-lik «Cardom» minaatanları (say açıqlanmır), «Spike-SR/LR» tipli tank əleyhinə raket kompleksi (say açıqlanmır), 16 ədəd «Aerostar», 2 ədəd «Hermes-450», 16 ədəd «Heron-1»,  16 ədəd «Orbiter-2M» tipli pilotsuz uçuş aparatı, 9 «Barak-8» kompleksi (75 raket), 2 ədəd EL/M-2080 «Gren Pine» hava hücumundan müdafiə sistemi alıb. Həmçinin İsrail lisenziyası əsasında Azərbaycanda 30 «Aerostar» və 30 «Orbiter-2M» pilotsuz uçuş aparatı kompleksinin istehsalına dair sifariş alınıb.

 

Rusiya

 

Ötən 10 illik dövrdə Azərbaycanın hərbi ticarətində Rusiya da mühüm paya malik olub. Bu dövrdə Azərbaycan Rusiyadan müxtəlif tipli hərbi və aviasiya texnikaları alıb. 2010-cu ildə Rusiya tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə 2021-ci ilədək Bakıda 120 min ədəd AK-74M tipli avtomatın istehsalına lisenziya da verilib. Hesabatda Rusiyadan 2006-cı ildə 62 ədəd T-72 tankı, 2011-ci ildə açıqlanmayan sayda T-90S tankı, 2007-ci ildə 24 ədəd BTR-80A, 2012-ci ildə 2 ədəd «Skorpion LŞA», 2 ədəd «Skorpion LŞA-B» tipli zirehli transportyor, 2009-cu ildə açıqlanmayan miqdarda «Kornet» tipli tank əleyhinə idarə olunan raket kompleksinin satın alındığı qeyd olunub. Bundan başqa, 2008-ci ildə Azərbaycanla Rusiya arasında 6 ədəd Mi-17V1, 2009-cu ildə 2 ədəd Ka-32A, 40 ədəd Mi-17V1, 2010-cu ildə 4 ədəd Ka-32PS, 24 ədəd Mi-35M, 20 ədəd Mi-17V-1 tipli helikopterin, 1 ədəd Mi-24 tipli helikopter simulyatorunun, 2007-ci ildə 16 ədəd S-300pmu-2 «Favorit» zenit-raket kompleksinin, 2010-cu ildə 60 ədəd X-95E «Uran» gəmi əleyhinə raketin satın alınmasına dair müqavilələr bağlanıb. Ümumilikdə Rusiya ilə bağlanmış hərbi alğı-satqı müqavilələrinin dəyəri 1 milyard 647 milyon dollardan çox olub.

 

Türkiyə

 

Hesabatda Azərbaycanın silahlanmasında Türkiyənin rolundan da bəhs edilib. Sənəddə yer alan məlumatlara görə, 2010-cu ildə Azərbaycan Türkiyədən 70 ədəd, 2011-ci ildə isə açıqlanmayan sayda «Cobra» tipli ZTR, 80 ədəd müxtəlif zirehli texnika alıb. 2011-ci ildə tərəflər arasında 36 ədəd 155 mm-lik T-155 «Fırtına» özüyeriyən haubitsaların alğı-satqısına dair müqavilə bağlanıb. Həmçinin Türkiyə tərəfindən 2010-cu ildə Azərbaycana 107 mm-lik T-107 reaktiv atəş sisteminin, 2011-ci ildə isə 120 mm-lik HY1-12 tipli minaatanların istehsalına lisenziya verilib.

 

Ukrayna

 

Ötən dövrdə Azərbaycanın silah və hərbi texnika alğı-satqısında əsas tərəfdaşı Ukrayna olub. Belə ki, 2003-2006-cı illərdə Azərbaycan Ukraynadan 48 ədəd T-72M1 tankı, 2005-ci ildə 2 ədəd BMP-1 tipli piyadaların döyüş maşını, 2006-cı ildə 3 ədəd BTR-3U «Qardian», 2007-ci ildə 61 ədəd, 2009-cu ildə 71 ədəd BTR-70 tipli ZTR, 2007-2010-cu illərdə 54 ədəd 122 mm-lik 2S1 «Qvozdika», 2009-2010-cu illərdə 16 ədəd 152 mm-lik 2S3 «Akasiya» tipli özüyeriyən haubitsa, 2006-2007-ci illərdə 55 ədəd 122 mm-lik D-30A haubitsası, 2004-2007-ci illərdə 144 ədəd 120 mm-lik PM-38 minaatanı, 2004-2005-ci ilərdə 12 ədəd BM-30 «Smerç» reaktiv atəş sistemi, 2006-2011-ci illərdə 16 ədəd Miq-29 tipli döyüş təyyarəsi, 2006-cı ildə 12 ədəd L-39 «Albatros» tipli təlim təyyarəsi, 2009-2010-cu illərdə 12 ədəd Mi-24G tipli zərbə helikopteri, 2007-2008-ci illərdə 10 kompleks «Strela-3» zenit-raket kompleksi satın alıb.

 

CAR

 

Azərbaycanın əsas hərbi texniki tərəfdaşlarından olan CAR ilə qeyd olunan dövrdə bir sıra layihələr reallaşdırılıb. 2009-2011-ci illərdə CAR-ın «Paramount Group» şirkətindən 45 ədəd «Marauder» və 45 ədəd «Matador» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin Bakıda istehsalına lisenziya alınıb. Sifarişin böyük hissəsi icra edilib. Bundan başqa, CAR firmaları tərəfindən 12 ədəd Mi-24 tipli zərbə helikopteri modernləşdirilərək Mi-24 Super Hind Mk.IV səviyyəsinə çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4118
avatar

Oxşar yazılar