Azərbaycanın Gürcüstan istehsalı olan hərbi nəqliyyat vasitələri alacağı barədə məlumatlar təsdiqini tapmayıb. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Gürcüstan istehsalı olan hərbi texnikaları almaq niyyətində deyil.
Bundan əvvəl, Gürcüstanda səfərdə olan Azərbaycan hərbçilərinə bu ölkənin Müdafiə Nazirliyinin müəssisələrində istehsal olunmuş «Lazika» tipli təkərli, «Didgori» tipli tırtıllı texnikalar nümayiş etdirilib. Azərbaycan tərəfi də müvafiq olaraq, yalnız bu texnikaların texniki-taktiki göstəriciləri ilə maraqlanıb.
«Ümumilikdə bu texnikalar yenidir və praktiki cəhətdən yalnız Gürcüstanda istifadə olunur. Gürcülər adıçəkilən texnikaları ölkələrinə səfər edən bütün hərbi missiyalara nümayiş etdirirlər. Azərbaycanda da bənzər texnikalar istehsal edildiyindən Gürcüstandan həmin texnikaların satın alınması nəzərdə tutulmur», - deyə mənbə bildirib.
Bununla belə, Azərbaycan və Gürcüstan tərəfi arasında keçirilən görüşlərdə gələcəkdə bu tip texnikaların birgə istehsalı imkanlarının mümkünlüyü müzakirə olunub.
Qeyd edək ki, ötən həftə Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İraklii Sesiaşvili yerli mətbuata açıqlamasında Azərbaycan və Cənubi Koreya kimi ölkələrin Gürcüstan istehsalı olan «Lazika» və «Didgori» adlı hərbi texnikalara maraq göstərdiyini deyib.