Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası dekabrın 9-da Brüsseldə keçiriləcək.
Bu barədə APA-ya AB-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Şuranın iclasları ildə bir dəfə keçirilir və tərəflər arasındakı siyasi dialoqun tərkib hissəsidir.
Görüş zamanı əməkdaşlığın cari vəziyyəti və perspektivləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Əməkdaşlıq Şurası AB ilə tərəfdaş ölkələr arasında tərəfdaşlıq və əməkdaşlığa dair sazişin yerinə yetirilməsi prosesini əlaqələndirir. Azərbaycanla AB arasında saziş 1999-cu ildən qüvvədədir. AB-Azərbaycan Əməkdaşlıq Şurasının sonuncu – 13-cü iclası 2012-ci il dekabrın 17-də keçirilib. Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edib.