ATƏT-in Bakı Ofisi bəyanatla çıxış edib. Ofisdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.
“Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir.
Digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik”, - deyə bəyanatda vurğulanır.