Lukaşenko: "Azərbaycanla Belarus arasında problem yoxdur"
22 noyabr 2013 01:46 (UTC +04:00)

Lukaşenko: "Azərbaycanla Belarus arasında problem yoxdur"

Beynəlxalq əməkdaşlıq baxımından Azərbaycan ilə Belarus arasında heç bir problem yoxdur.APA-nın verdiyi xəbərə görə, bu barədə noyabrın 21-də Bakıda Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra Belarus prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında deyib. Aleksandr Lukaşenko qeyd edib ki, dünya nizamına, bu gün dünyada mövcud olan problemlərə iki  dövlətin baxışları eynidir: “Bununla əlaqədar, beynəlxalq təşkilatlarda problemli məsələlərin bütün spektri üzrə həmişə bir-birimizi dəstəkləmişik və dəstəkləyəcəyik”.

 

Belarus prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin daha da artırmaq, daha da yaxşılaşdırmaq lazım olduğunu qeyd edib: “Ona görə ki, iki dövlətin imkanları bu il olmasa da, gələn il nail ola biləcəyimiz 300 milyon dollardan xeyli artıqdır. Mən əminəm, bu səfərin xüsusiyyəti ondan ibarətdir ki, biz öz həmkarlarımızla, hökumətlərarası komissiya ilə birlikdə əməkdaşlığın yeni istiqamətini tapdıq. Bu gün biz Azərbaycan biznesmenlərini və Azərbaycan dövlətini Belarus ərazisində maraqlandıra biləcək layihələrə daha geniş sərmayə qoyulması məsələsində Prezidentdən də dəstək aldıq. Bizim kooperasiya əlaqələrimiz necə əməkdaşlıq etmək lazım olduğunu göstərir. Bu gün biz bu haqda da danışdıq. Razılaşdıq ki, bu istiqaməti gücləndirəcəyik”.

 

Aleksandr Lukaşenko Belarusun əvvəlcə Azərbaycan ərazisində adi texnikanın yığılmasından başladığını xatırladaraq,  bu gün artıq bir sıra istehsalatların – traktorların, avtomobillərin, avtobusların yığılması istehsalatlarının artıq 40-60 faiz lokallaşdırıldığını qeyd edib: “Bu, Azərbaycan Respublikasının çox yüksək potensialına dəlalət edir. Ona görə biz yığma əməliyyatlarından müştərək müəssisələrə keçdik. Bu gün artıq müştərək müəssisələrdə minlərlə vahid texnika istehsal edirik. Prezidentlə biz belə bir faktı da qeyd etdik ki, bizim Azərbaycanda artıq istehsal etdiyimiz bütün məhsullar Azərbaycana sığmır, beləliklə, qarşımızda bir məsələ yaranıb – üçüncü ölkələrin bazarlarına çıxmaq və birgə istehsal etdiyimiz məhsulları birgə satmaq. Yəni, biz artıq xeyli yol keçmişik, birgə məhsul yaratmışıq, sabah həmin məhsulu İranda, başqa respublikalarda satacağıq”.

 

“Sizin biznesmenlər və Sizin dövlət tərəfindən Belarusa fəal sərmayə qoyulması əməkdaşlığın yeni istiqamətidir. Əgər biz gənclərə və təhsilə böyük diqqət ayırmasaydıq, bu mümkün olmazdı. Mən həmişə deyirəm ki, İlham Heydər oğlu bizim aramızda ən ziyalı və savadlı Prezidentdir və o, bu məsələyə böyük diqqət yetirir. Görünür, bu səbəbdən o, bütün dünyada normal təhsil olan yerlərə Azərbaycan gənclərini göndərməyə çalışır. Gənclər də əlbəttə, yeni texnologiyaları buraya, öz vətənlərinə gətirəcəklər, onlar yüksək bilikli adamlar olacaqlar. Bu gün bizdə yüz əlli azərbaycanlı tələbə təhsil alır. Onlar bizim üçün heç bir problem yaratmırlar. Ağıllı, sakit gənclərdir, normal təhsil almağa çalışırlar. Bax bu mütəxəssislər hər il Azərbaycanın iqtisadiyyatına cəlb edilir və sanballı nəticə verirlər. Bunlar olmasa, təhsil olmasa – bilirəm ki, texniki peşə təhsili üzrə də yeni layihələr vardır, - normal əməkdaşlıq mümkün deyil”, deyə Belarus prezidenti vurğulayıb.

 

Yaxın vaxtlarda Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin keçirilməsindən məmnun olduğunu bildirən Belarus prezidenti yaxın vaxtlarda belaruslu artistlər tərəfindən Qara Qarayevin “Yeddi gözəl” baletini tamaşaya qoyacaqlarını diqqətə çatdırıb: “Bu, çox mühüm hadisə olacaq. Buna görə də biz həm səfiri, həm də Azərbaycandan olan qardaşlarımızı bu tamaşaya dəvət edirik. Əgər hər iş normal getsə, biz burada bir neçə tamaşa göstərməyə hazırıq. Görürsünüzmü, biz təhsil, mədəniyyət sahəsində və digər humanitar istiqamətlər üzrə bir-birimizlə nə qədər sıx bağlıyıq. Biz əməkdaşlığa hazırıq və sizdən yeni təkliflər gözləyirik. Əgər sizin üçün maraqlıdırsa, siz bizim neft-kimya sahəsinə, kənd təsərrüfatına, xüsusən sizin Prezidentin diqqət yetirdiyi istiqamətə - əczaçılıq sənayesinə sərmayə qoya bilərsiniz. Mən bu təklifləri tamamilə dəstəkləyirəm. Vaxtilə bizim də qarşımızda belə bir məsələ yaranmışdı, bu məsələ hələ də aradan qalxmayıb – ölkənin əczaçılıq baxımından müstəqilliyini, dərman təhlükəsizliyini təmin etmək məsələsi. Buna biz də hazırıq, İlham Heydər oğlu da bu gün təsdiq etdi ki, o, burada tibbi preparatlar buraxılışı üzrə obyektlər tikintisi layihəsini dəstəkləməyə hazırdır. Biz öz texnologiyalarımızı təklif etməyə və ən qısa müddətdə təbii ki, Azərbaycan Prezidentinin nüfuzundan və təsirindən istifadə etməklə üçüncü ölkələrdə də satacağımız dərman preparatlarının qablaşdırılmasından başlanmış onların istehsalına qədər bütün yolu keçməyə hazırıq”.

 

Aleksandr Lukaşenko qeyd edib ki, iki dövlət arasında əməkdaşlıqda qapalı mövzuların olmadığını qeyd edib: “Biz heç kəsdən gizlətmirik ki, qida məhsulları istehsalından başlamış müdafiə nazirliklərini maraqlandıran, Azərbaycan Respublikasının və Belarusun müdafiə qabiliyyətinin tələb etdiyi məsələlərə qədər hər sahədə əməkdaşlıq edirik. Bir daha vurğulayıram ki, biz heç kəsdən gizlətmirik və gizlətməyəcəyik. Azərbaycan Prezidenti ilə bizim çox etimadlı münasibətlərimiz var və mən əminəm ki, dövlətlərimiz arasında münasibətlər də eynilə bu cür olacaq. Xüsusən ona görə ki, bizim başqa çarəmiz yoxdur, bu münasibətlərin əsasını biz yaratmışıq, buna görə də qarşımızda bir vəzifə durur – dinamika, dinamika və yalnız irəli. Biz buna hazırıq və görürəm ki, Azərbaycan tərəfindən olan həmkarlarımız da buna hazırdırlar.

Səmimiyyətə, qarşımızda duran problemli məsələlərin həllinə görə çox sağ olun”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779
avatar

Oxşar yazılar