“O, mənim 1900 kvadrat metr yerimi zəbt eləmişdi” - MÜSAHİBƏ
16 mart 2013 12:21 (UTC +04:00)

“O, mənim 1900 kvadrat metr yerimi zəbt eləmişdi” - MÜSAHİBƏ

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun adı son günlər sabiq ABU rektoru Elşad Abdullayevin açıqlamalarında hallanır. E.Abdullayev rəhbəri olduğu universitetin yerləşdiyi binanın sökülməsində T.Əhmədovdan istifadə olunmasına eyham vurub.

 

T. Əhmədov  “Yeni Müsavat”a müsahibəsində ABU məsələsinə, E. Abdullayevlə tanışlıqlarına, eləcə də sabiq deputat Gülər Əhmədova ilə bağlı son açıqlamasına toxunub.

 

- Tağı müəllim, Elşad Abdullayev son bəyanatında sizin də adınızı çəkib. Bakı Metropoliteninin ABU-nin binasını plana saldığını bildirib.

 

- Xeyr. O, orda mənim 1900 kvadrat metr yerimi zəbt eləmişdi. O haqda da danışıq olub. Hətta bir dəfə yox, on dəfə, yüz dəfə televiziyada deyilib ki, ABU köçürüləcək və ordan metronun xətti keçir. Orda ayrı söhbət ola bilməz.

 

- Hər halda, Elşad Abdullayev deyir ki, universitet yeni metro xəttindən 50 metr kənardan keçirdi və onu ordan köçürməyə də bilərdilər.

 

- Köçürməsinlər. Mənim orda 1900 kvadrat metr yerim olub. Mən öz yerimdən istifadə eləmişəm, ABU-nun yerindən istifadə eləməmişəm. Orda ABU-nun idman zalı, bir korpusu düşürdü. Mən həmin yerdən istifadə eləmişəm.

 

- Yəni bu məqamda siz dövlət tərəfindən ABU ilə bağlı verilmiş sifarişi yerinə yetirən qurum kimi  görünürsüz...

 

- Yox, yox. Elşadla mənim elə bir söhbətim də olmayıb, danışığımız da olmayıb. Belə bir danışıq da gizli deyildi. Çünki mən bunu dəfələrlə demişəm ki, 1900 kvadrat metr yerim var. Hətta mənim o vaxt Binəqədi Rayon İcra Hakimiyyətinə məktubum da olub. Orda yazılıb ki, bu yer üçün Nazirlər Kabinetinin qərarı əsasında nə qədər rüsumdur, o rüsumu verməlidir. Amma sonra elə bir hal oldu ki,  o yer hələlik qalmışdı. Amma biz metro çəkilişi zamanı öz yerimizdən istifadə etmişik.

 

- Elşad Abdullayevin o rüsumu ödəməsi məsələsi gündəmə gəldi?

 

- Yox, gəlməyib. Çünki orda məsələ də bunda idi ki, ali təhsil yeri idi. O qədər yerlər vardı ki, zəbt olunmuşdu. Birindən alsaydım, gərək hamısından alaydım.

 

- Bəs həmin ərəfədə Elşad Abdullayevlə bu mövzuda hər hansı danışığınız, görüşünüz baş tutubmu?

 

- Xeyr. Bircə dəfə zəng edib mənə. O vaxt Binəqədi rayon prokuroru məndən xahiş etmişdi ki, Elşad mənim tələbə yoldaşımdır. Amma təcili olaraq ora söküldü. O haqda heç bir danışıq, söhbət ola bilməz. Olmayıb da.

 

- Çünki Elşad Abdullayev anons verir ki, bu işlə bağlı onda olan bütün video və audio yazıları zamanı gələndə sübut kimi yayacaq.

 

- Yaysın da. Mən nə deyirəm ki? Nə qədər istəyirsə, yaysın. Bircə dəfə onların idman zalında biz yarış keçirmişik. Onda da Elşad Abdullayev özü gəlməyib. Orda da metropolitenin komandası birinci yerə çıxıb. Orda da qurtarmışıq. Mənim Elşad Abdullayevlə heç bir əlaqəm, söhbətim ola bilməz. Bu, qeyri-mümkün olan söhbətdir.

 

- Yəni narahat deyilsiz ki, Elşad Abdullayev sizinlə bağlı ictimaiyyətə yeni bir fakt, sübut, video açıqlayar?

 

- Qəti narahat deyiləm. Elşad xoxan-zad deyil ki, ondan qorxam, ya da narahat olam...

 

- Tağı müəllim, sizinlə son müsahibəmizdə Gülər Əhmədovanın erməni bağlılığı mövzusunda açıqlama vermişdiniz. O da sizə cavab olaraq, hakimiyyətdə də ermənilərlə qohumluğu olan şəxsləri araşdırmağı məsləhət görmüşdü...

 

- (Müdaxilə edir) Yox axı, onu Gülər deyib, Gülər desin də. Məndən niyə soruşursan ki?

 

- Yox, demək istəyirəm ki, o, sabiq deputatın son müsahibəsi oldu və ondan cəmi bir neçə gün sonra onu həbs etdilər.

 

- İndi belə çıxır ki, mənim açıqlamam təsirli oldu və onu həbs elədilər? Yox, yox, o, istintaqın özünün işidir. Mənim bunda heç bir rolum yoxdur. Bu, istintaqın işidir, istintaq nə vaxt lazım bilibsə, o zaman da həbs edib. Bunun mənim dediklərimə nə dəxli var?!

 

- Bəs onun həbsini necə qiymətləndirirsiniz?

 

- Əslində mən müstəntiq deyiləm. Mənə verdiyiniz sual yerində deyil. Mən nə bilim onun hansı işi, sözü var? Mən elə-belə nə deyə bilərəm ki? Vətəndaş kimi deyə bilərəm ki, bəli, onun bu əlaqələri olub, amma gərək olmayaydı. Millət vəkili kimi Elşad Abdullayev kimi bir şəxslə bunun görüşü baş tutmamalıydı. Yox, əgər bu, olubsa, özünə cavabdehdir. Amma onun araşdırılması, üzə çıxarılması istintaqın işidir, mənim yox.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1988
avatar

Oxşar yazılar