Bu gün Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) tərəfindən “İctimai İştirakçılıq haqqında” qanun layihəsinə həsr olunmuş ictimai müzakirə keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu qanun vətəndaşların dövlət idarəçiliyində qərarların qəbul olunmasında iştirakına imkan verəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyib ki, qanun layihəsinin hazırlanması ilə bağlı “Konstitusiya” Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyevin sədrliyi ilə İşçi Qrupu yaradılıb. Onun sözlərinə görə, qanun layihəsi parlamentin yaz sessiyasının iş planına daxil edilib. Qanun layihəsinə parlamentin üç komitəsi rəy verib. Azay Quliyev bildirib ki, bu gün keçirilən ictimai müzakirəyə beynəlxalq təşkilatlar da dəvət olunub. Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily da Vaşinqtondan beynəlxalq ekspert kimi tədbirə dəvət olunub: “Qanun layihəsinin hazırlanmasında Əli Hüseynlinin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Bütün bunlar göstərir ki, dövlət orqanları bu qanunun qəbulunda maraqlıdır”.
Azay Quliyev Natalia Bourjailyin dəvəti qəbul edib tədbirə qatılmaq üçün ABŞ-dan gəldiyinə görə də təşəkkür edib. Şura sədri bu qanunun qəbulunun vətəndaşlara dövlət orqanlarında qərarların qəbulunda, bələdiyyələrin idarə edilməsində iştiraka şərait yaradacağını söyləyib.
Tədbirdə SEDA-nın ölkə üzrə direktoru Timoti Mədiqan, Avropa İttifaqının Azərbaycandakı Səfiri Roland Kobia, Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyin (USAID) nümayəndəsi və başqaları çıxış edib.
Natalia Bourjaily deyib ki, qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. O qeyd edib ki, qanun layihəsinə bundan sonra da bəzi əlavə və dəyişikliklərin edilməsi gözlənilir: “Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzi bu istiqamətdə təkliflərlə çıxış edib. Ümumilikdə, qanun layihəsi günün tələblərinə cavab verir”.
Natalia Bourjaily “İctimai İştirakçılıq haqqında” qanun layihəsinə Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin tövsiyələri təqdim edib.
Tədbir müzakirələrlə davam etdirilib.