Avropa Azərbaycan Cəmiyyətinin prezidenti Tale Heydərovun müsahibəsi
- Sizin rəhbərlik etdiyiniz cəmiyyətin apardığı araşdırmalar zamanı bəzi xəritələr, nadir tarixi sənədlər aşkarlanıb. Həmin xəritələr hansı dövrləri əhatə edir?
- Hazırda Azərbaycanın eramızdan əvvəlki dövrdən indiki dövrə qədər olan müxtəlif xarici xəritələrinin toplanması işi ilə məşğuluq və bunları kitab halına salaraq çap edəcəyik, dünyaya yayacağıq. İngilis və Azərbaycan dillərində olacaq, ehtiyac olsa, digər dillərə də tərcümə ediləcək.
Xəritələr dünyanın tanınmış arxivlərindən əldə olunub. Bura rus, türk, ərəb, Britaniya, fransız, İran və Orta Asiya ölkələrinin arxivləri daxildir. Elə xəritələr var ki, ilk dəfə tapılıb. Məsələn, ermənilər həmişə iddia edirlər ki, Qarabağ eramızın ilk 5 əsrində onların uydurduğu “Böyük Ermənistan”ın ərazisində olub. Amma elə xəritələr tapmışıq ki, onların iddialarını təkzib edir.
Həmin ərazilərin qədim Qafqaz Albaniyasının tərkibində olduğunu göstərən xəritələr var. Azərbaycan Demokratik Respublikasının indiyədək bilinməyən yeni xəritələri tapılıb. Bunlar nəinki Qarabağın, Zəngəzurun və digər torpaqların bizim ərazilər olduğunu göstərən xəritələrdir. Orta əsrlərə aid Ağqoyunlu, Qaraqoyunlu dövrünə aid xəritələr də tapılıb.
-Ən çox hansı ölkənin arxivlərindən tapılıb bu xəritələr?
-Bizim indiyə qədər bildiyimizə görə Azərbaycanla bağlı arxiv materialları ən çox Rusiyada idi. Amma məsələ ondadır ki, Rusiyaya daha yaxın olduğumuz üçün bizim fikrimiz belə idi. Osmanlı arxivlərində çoxlu sənədlər var ki, Azərbaycan tarixçiləri onları araşdırmayıb. Biz hazırda oradan çoxlu xəritələr tapmışıq və ehtimal edirik ki, orada bizim bildiyimizdən də çox xəritələr var. Fransada da gözlədiyimizdən çox xəritələr tapmışıq. Həmçinin Britaniyada da. Çünki 1918-ci ildə britaniyalılar Azərbaycana gəlmişdi və Hindistandan, digər ölkələrdən o vaxt olan tarixi sənədləri götürmüşdülər. Səfəvilər dövrünə aid də tapıntılar var.
- Avropa Azərbaycan Cəmiyyətinin qarşıda daha hansı töhfələri olacaq?
-“Vision of Azerbaijan” jurnalının tirajını və dövriliyini artıracağıq. Əvvəl hər 3 aydan bir nəşr olunurdu, indi hər 2 aydan bir çıxacaq. İngiltərəli bir tədqiqatçı tərəfindən Azərbaycan haqqında kitab yazılır, onun təqdimatı olacaq. Mayın sonunda Avropa Azərbaycan Cəmiyyətinin İstanbulda yeni ofisinin açılış mərasimi keçiriləcək. İstanbulda iqtisadi forumumuz keçiriləcək və Türkiyənin ən mühüm insanları orada iştirak edəcəklər. Məşhur “Economist” jurnalının təşkil etdiyi bu konfransda biz onların tərəfdaşıyıq.
İlin sonunda isə yenə İstanbulda Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı proqramımız olacaq. Qarşıda tədbirlərimiz, lobbi işlərimiz çoxdur. İndiyədək Qarabağ münaqişəsinə dair çoxlu qətnamələr əldə etmişik. Xocalı aeroportu məsələsi ilə bağlı Azərbaycanı dəstəkləyən bəyanatlar səslənib, bu iş davam edəcək. Ramil Səfərovun məsələsi ilə bağlı bəyanatlar var idi, onların da sayı artacaq, ümumiyyətlə, Qarabağla bağlı bəyanatların və qətnamələrin sayı artacaq.
- Siqaret əleyhinə başladığımız ictimai kampaniya ilə bağlı soruşmaq istəyirəm. Siz necə, siqaret çəkirsiniz?
-Siqaret çəkmirəm. Mən hesab edirəm ki, pis vərdişlərdən uzaq durmaq lazımdır. Çünki birincisi bu sağlamlığa zərərdir, ikincisi, bunun nə isə bir mənası yoxdur, üçüncüsü isə bundan bir xeyir yoxdur. Çalışmaq lazımdır ki, gənc yaşlarından belə şeylərdən uzaq durasan. Uzaq durandan sonra bunlara qoşulmaq da mümkün olmur. İdmanla məşğul olmaq lazımdır. İdmanla məşğul olan adam bu pis vərdişlərdən uzaq durur. Hər kəs bu pis vərdişdən çəkinsin. Kampaniyanızı dəstəkləyirəm.
“New Baku Post”