“Azərbaycanla danışıqlar prosesində irəliləyiş var”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan paytaxtında keçirilən “Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən qeyri-rəsmi sammitdən sonra baş tutan mətbuat konfransında Avropa İttifaqının genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının son məqsədi “Şərq Tərəfdaşlığı” layihəsinə daxil olan ölkələrin viza rejiminin liberallaşdırılmasıdır: "Vilnüs sammiti bizim ehtimala görə, real nəticələrə gətirib çıxaracaq. Biz Gürcüstan, Moldova və Ermənistanla assosiasiya haqqında sazişin imzalanmasına nail olacağıq. Azərbaycanla danışıqlar prosesində irəliləyiş var. Bir ölkə ilə vizanın sadələşdirilməsi prosesi gedir və digər ölkə isə liberrallaşdırma prosesini nəzərdən keçirir. Bizim son məqsədimiz isə “Şərq Tərəfdaşlığı” layihəsinə daxil olan ölkələrin viza rejiminin liberallaşdırılmasıdır”, deyə Ştefan Füle bildirib.
Ştefan Füle qeyd edib ki, bu yolda Gürcüstan cəsarət və ardıcıllıq nümunəsidir.
“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinə sadiqdir. Bizim istəyimiz irəliyə can atan dostlarımıza kömək etməkdir. Məqsədimiz odur ki, onlar Avropa Birliyinə daha da yaxınlaşsınlar”, deyə Ştefan Füle qeyd edib.