Onun sözlərinə görə, qanunvericiliyi pozaraq hesabat verməyən, aldıqları qrantların hara xərclənməsini göstərməyən və ya qeyri-qanuni fəaliyyətlərə xərcləyən QHT-lər müvafiq qaydada məsuliyyətə cəlb olunacaqlar: “Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son müsahibəsində bu məsələ açıq-aydın şəkildə qoyulub və bununla bağlı müvafiq orqanlar araşdırma aparırlar. Digər ölkələrin beynəlxalq təşkilatlarının Azərbaycana təzyiqlərinə gəlincə, rəsmi Bakı bu təşkilatların tələblərinə Azərbaycan dövlətinin və xalqının milli maraqlarına uyğun yanaşır. Azərbaycanın maraqları ilə üst-üstə düşən təkliflərə “hə” deyir, əməkdaşlıq edirik, uyğun gəlməyənləri isə qəbul etmirik və qəbul etmək fikrimiz də yoxdur”.
Ə.Həsənov qeyd edib ki, müxtəlif təşkilatların, o cümlədən ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan nümayəndəliyinin fəaliyyəti ilə bağlı mətbuatda gedən yazılardakı faktların real olub-olmaması Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq: “Biz mətbuatda gedən bütün məlumatları araşdırırıq. Araşdırmaların nəticəsi olaraq MDİ-nin fəaliyyətinə müvafiq qiymət veriləcək”.