Millət vəkilindən Bakıda sıxlığı azaltmaq təklifi
15 mart 2013 13:23 (UTC +04:00)

Millət vəkilindən Bakıda sıxlığı azaltmaq təklifi

Qüdrət Həsənquliyev: “Niyə bu binalar Qusarda, Balakəndə tikilməsin?”

 


Bu gün Milli Məclisdə hökumətin hesabatı müzakirə edilir. Lent.a-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, hökumətin gördüyü işləri inkar etmək mümkün deyil.
Qüdrət Həsənquliyev çıxışında Bakıda sıxlığın artmasından şikayətlənib: “Bu qədər yollar salınır, körpülər tikilir, ancaq Bakının yollarında tıxac problemini aradan qaldırmaq mümkün olmur. Çıxış yolu regionların inkişafını sürətləndirməkdir. İndi Abşeronda texnopark salınır, yenə sahibkarlar Bakıya axışacaq. Regionların inkişafı ilə bağlı dövlət başçısı tərəfindən xüsusi proqramlar qəbul olunur, ancaq bu istiqamətdə əlavə addımlar atılmır. Bakıdan regionlara axın lazımdır”.

 


Millət vəkili dövlət məmurları üçün Naxçıvanda istehsal edilən minik avtomobillərinin alınmasını təklif edib: “O avtomobillər keyfiyyətsiz deyil. Biz Naxçıvanı minik avtomobilləri istehsalı, Gəncəni yük avtomobilləri istehsalı mərkəzinə çevirə bilərik. Ən azı orta məmurlar üçün Naxçıvanda istehsal edilən minik avtomobilləri alına bilər”.

 


Qüdrət Həsənquliyev məhkəmələrdə bir çox halda ədalətsiz qərarlar qəbul edildiyini söyləyib: “Yaxşı ki, Bakı Apelyasiya Məhkəməsi var. Ancaq bu Apelyasiya Məhkəmənin qərarını da Ali Məhkəmə ləğv edir. Biz niyə andlılar məhkəməsi institutunu tətbiq etmirik? Hökumətin vəzifəsi təkcə iqtisadi göstəricilər barədə məlumat vermək deyil, vətəndaş cəmiyyəti quruculuğu da hökumətin üzərinə düşür. Ona görə də düya ölkələrində özünü doğrultmuş andlılar institutunun artıq Azərbaycanda tətbiqi reallaşmalıdır”.
Millət vəkili Dövlət Vahid İstintaq Komitəsinin yaradılmasına da ehtiyac olduğunu vurğulayıb. O, qaçqın və məcburi köçkünlər üçün binaların tikilməsinin çox yaxşı olduğunu bildirib: “Ancaq niyə bu binalar Qusarda, Balakəndə tikilməsin? Axı onsuz da Bakıda kifayət qədər sıxlıqdır! Həmin rayonlarda qaçqın və məcburi köçkünlər üçün evlərin tikilməsi dediyim və demədiyim bir sıra problemlərin həllinə səbəb olar”.



Qüdrət Həsənquliyev keçən il Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) boşaltmasını Azərbaycan hökumətinin böyük uğuru olduğunu vurğulayıb.

 

 

 

Millət əkili Tahir Rzayev deyib ki, ölkədə inkişafı gözü götürməyənlər, demokratiyadan dəm vuranlar qanunsuz aksiyalar keçirir, sabitliyi pozmağa çalışır. O, respublikada yüksək ixtisaslı həkimlər olduğu halda İran kimi ölkələrdən “möcüzəli müalicələr” vəd edən savadsız həkimlərin ölkəyə axışmasının qarşısını almağı zəruri sayıb.

Millət vəkili Fuad Muradov qeyd edib ki, Azərbaycan bu gün regionda müstəqil siyasət həyata keçirir. Onun sözlərinə görə, bu, bir çoxlarının xoşuna gəlməyə də bilər, ancaq insanlarımızın rifahı yaxşılaşır və bu siyasət davam etdiriləcək. Fuad Muradov deyib ki, bu gün regionlarda gedən inkişaf, gənclərin asudə vaxtının təşkili istiqamətində görülən işlər hökumətin keçirdiyi siyasətin nəticəsidir: “Ancaq hələ də Səbail rayonunda bir neçə problem qalıb. Bunlardan biri küçələrin işıqlandırılması ilə bağlıdır. Bayıl qəsəbəsində binalar tikilib, təmir olunub, ancaq işıqlanma olmadığına görə insanlar bunu yaxşı qiymətləndirə bilmirlər. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, büdcəmizdə pul yoxdur. Ona görə də görünür ki, bu məsələ ilə bağlı yenə baş nazirin qəbuluna getməli olacağam”.



Millət vəkili Xocalıdan olan və hər iki valideynlərini itirmiş uşaqlarla bağlı məsələyə də toxunub: “Onların sayı 25 nəfərdir. Artıq onlar uşaq deyillər, müəyyən problemləri var. Onların problemlərinin həllinə dəstək verilməsi vacibdir. Bu gün Xocalı soyqırımı artıq beynəlxalq səviyyədə tanınır. Bu işdə Heydər Əliyev Fondunun böyük rolu var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar