Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan vətəndaşlarının təxliyə prosesi davam edir.
Bu barədə Lent.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.
Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Bu günə qədər 4 nəfər Azərbaycan vətəndaşının – 43 yaşlı Bünyatova Nailə Aydın qızı, 50 yaşlı Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 48 yaşlı Məmmədova Sevinc Eldar qızı və 47 yaşlı Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur.
Vəfat edənlərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!