Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət etdi - YENİLƏNİB
21 iyun 2024 12:19 (UTC +04:00)

Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət etdi - YENİLƏNİB

"Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" Milli Məclisin qərar layihəsi hazırlanıb.

Qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.

Qərar layihəsində deyilir:

“Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün müraciət edib. YAP-ın müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”.

Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

***

saat 11:18

Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət edilməsi barədə təşəbbüslə çıxış ediblər.

Lent.az-ın xəbərinə görə, bununla bağlı müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.

Müraciətdə qeyd edilib ki, indiki şəraitdə də Milli Məclis dövlətçilik nümunəsi göstərməli və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir: “YAP-ı Milli Məclisdə təmsil edən deputatlar 6-cı çağırış Milli Məclisin buraxılmasını xahiş edir”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri bildirib ki, COP-29-a qədər parlamentin tam formalaşması zəruridir: “Parlament seçkilərinin şəffaf keçirilməsi, seçicilərin seçkilərdə iştirakının maneəsiz iştirakının təmin edilməsi dövlətin vəzifələrindən biridir. Noyabrda bunu təmin etmək çətin ola bilər. Bu baxımdan komitəmiz olaraq, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə Prezidentə müraciət edilməsini məqəsədmüvafiq hesab edirik”.

***

saat 11:03

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası başlayıb.

Lent.az xəbərinə görə, iclasın gündəliyinə 13 məsələ daxil edilib. 

Onlardan biri də YAP-ın təşəbbüsü ilə Milli Məclisin buraxılması ilə bağlıdır. 

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5982
avatar

Oxşar yazılar