İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən son etiraz aksiyası ilə 15 il əvvəl eyni məkanda təşkil olunan aksiya arasında diqqətçəkən paralellər var.
Lent.az xəbər verir ki, professor Aygün Attar“15 il fasilə ilə eyni səhnə: Qardaşlıq ittifaqına səpilən nifaq toxumları kimin işinə yarayır?” sərlövhəli məqaləsində bu məsələyə diqqət çəkib.

Attarın yazdığına görə, son aksiyanı Türkiyədə fəaliyyət göstərən Özgür-Der təşkilatı keçirib. Aksiyada Azərbaycandakı bəzi dini təhsil müəssisələri ilə bağlı qərarlar əsas gətirilərək Prezident İlham Əliyevin hakimiyyətinə və Azərbaycan-Türkiyə münasibətlərinə qarşı sərt fikirlər səsləndirilib.
Professor diqqəti aksiyanın təşkilatçılarından Hülya Şekerciyə və 15 il əvvəl baş verən oxşar hadisəyə yönəldib. O xatırladıb ki, 2011-ci ilin yanvarında da İstanbulda Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında oxşar məzmunlu etiraz aksiyası keçirilmişdi.
Həmin vaxt aksiyada Azərbaycan İslam Partiyasının o zamankı sədri Mövsüm Səmədovun müdafiəsi və onun azadlığa buraxılması tələb olunurdu.
Aygün Attar 15 il fasilə ilə oxşar ssenarinin yenidən gündəmə gətirilməsini təsadüfi hesab etmir:
“Tam 15 il fasilə ilə, sanki yaddaşı təzələmək üçün eyni ssenarini yenidən səhnəyə çıxararaq, tam da Zəngəzurun açılması ərəfəsində Türkiyə və Azərbaycan arasına nifaq toxumları səpmək kimin işinə yarayır?”
Professor baş verənləri Zəngəzur dəhlizi ətrafında gedən geosiyasi proseslərlə də əlaqələndirib. Onun fikrincə, dəhlizin açılması Mərkəzi Asiyanı Azərbaycan və Naxçıvan üzərindən Türkiyə ilə birləşdirəcək və Türk dünyasının fiziki inteqrasiyasını gücləndirəcək.
Attar hesab edir ki, məhz belə bir mərhələdə Türkiyə ilə Azərbaycan arasında süni gərginlik yaratmaq istəyən dairələr dini və digər həssas məsələlərdən istifadə etməyə çalışırlar.
“Bu həssaslıqlar marginal gündəmlərlə küçəyə daşınaraq Türkiyə-Azərbaycan münasibətlərini və qarşıdakı böyük Zəngəzur vizyonunu sabotaj etmək üçün vasitəyə çevrilə bilməz və çevrilməməlidir”, – deyə Aygün Attar vurğulayıb.