Azərbaycan BMT baş katibinə və Baş Assambleyaya məktub göndərib
28 dekabr 2010 12:08 (UTC +04:00)

Azərbaycan BMT baş katibinə və Baş Assambleyaya məktub göndərib

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi Ermənistanın hərbi təcavüzü və ötən ay Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsi lə əlaqədar BMT baş katibinə və Baş Assambleyaya məktub göndərib. Bu barədə APA-nın Vaşinqton müxbirinə BMT-nin informasiya mərkəzindən məlumat verilib.

Müvəqqəti işlər vəkili Tofiq Musayev tərəfindən imzalanan məktubda erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində törətdikləri zorakılıqdan bəhs olunur. Məktubda deyilir:

“Mətbuatda yayılmış məlumatlarda bildirilir ki, noyabrın 19-da Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrindən birində silahlı insident baş verib. Erməni hərbçiləri arasında baş verən atışmada dörd əsgər (Levon Esayan, Nerses Qaloyan, Narek Saakyan və Never Sargsyan) öldürülüb, digər dörd əsgər (Sarkis Melkumyan, Kaçik Aleksanyan, Masis Qriqoryan və Manvel Azroyan) yaralanıb. İrəvanın adları çəkilən əsgərlərin vətəndaşlığını və harada xidmət etdiyini gizlətmək cəhdləri boşa çıxıb, bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni yerləşməsi bir daha sübut olunub. Kütləvi informasiya vasitələri Ermənistan Müdafiə Nazirliyinin İstintaq Departamentinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat yayıblar ki, insidentlə əlaqədar yaralanmış əsgərlərdən biri Manvel Azroyan saxlanılıb. Ən vacibi isə odur ki, Ermənistan Müdafiə Nazirliyinin İstintaq Departamenti Azərbaycanın işğal olunmuş ərazilərində baş verən cinayəti araşdırır və saxlanılan şəxs Ermənistan Cinayət Məcəlləsinin maddələri ilə ittiham olunur. Bir sözlə, Ermənistan Müdafiə Nazirliyinin İstintaq Departamenti Ermənistan ərazisindən kənarda öz səlahiyyətlərini icra edir və ölkənin Cinayət Məcəlləsi Azərbaycanın işğal olunmuş torpaqlarında tətbiq olunur. Bundan əlavə məlum olduğu kimi, Manvel Azroyan Ermənistan vətəndaşıdır, Armavir əyalətinin Nalbandyan kəndində yaşayır, o Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərilib”.

Məktubda həmçinin xatırladılır ki, bu, Azərbaycanın işğal olunmuş ərazilərində olan erməni hərbçiləri arasında baş verən yeganə qanlı insident deyil.

“Ermənistan Silahlı Qüvvələri daxilindəki açıq qarşıdurmanın və ədavətin səbəbinin nə olmasından asılı olmayaraq, bütün bunlar birmənalı şəkildə sübut edir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşib. Bundan başqa bu insidentlər bir daha Ermənistanın işğalçılıq siyasətinin tamamilə məhv olduğunu və bu ölkənin silahlı qüvvələrindəki mənəvi pozğunluğu və nizamsızlığı göstərir”.

Tofiq Musayev həmçinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş Ağdam və Xocavənd rayonlarında keçirdiyi hərbi təlimlərlə bağlı məsələni qaldırıb və bu təlimləri müdafiə naziri Seyran Ohanyanla bilikdə izləyən prezident Serj Sərkisyanın aqressiv bəyanatını xatırladıb.

“Ermənistanın prezidenti deyib: “Vaxtı gələndə biz nəinki 1992-94-cü illərdəki kimi, hətta daha da irəli gedəcək və problemi kökündən və birdəfəlik həll edəcəyik; məsələ müsbət şəkildə qapanacaq. Vaxtı gələndə bizim zərbəmiz həlledici və ölümcül olacaq”. Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı törədilən iyrənc cinayətləri tərənnüm edən bu arsız və nostaljik sözlər, bundan əlavə rəsmi İrəvanın dəstəklədiyi müvəqqəti təyin olunmuş qeyri-qanuni hərbi qruplar, muzdla tutulan əsgərlər və terror qrupları Ermənistanın real niyyətlərini, münaqişənin danışıqlar vasitəsilə və konstruktiv yolla həll etmək istəməməsini əks etdirir. Qeyd etmək lazımdır ki, Ermənistan prezidenti Azərbaycanın işğal olunmuş Ağdam rayonunda nitq söyləyib, hansı ki, Ağdamın işğalı BMT-nin 853 saylı qətnaməsində qəti şəkildə pislənib və ermənilərin o torpaqlardan dərhal çıxmaları tələb olunub.

Azərbaycan tərəfi düşünür ki, Ermənistanın belə təxribatçı davakar jesti və yüksək rütbəli rəsmilərinin aqressiv boşboğazlığı bu dövlətin həm beynəlxalq hüquq, həm də Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli istiqamətində gedən siyasi proseslər çərçivəsində öhdəçiliklərinin tam əksinə bir davranışdır.

Bu əsnada qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunan hərbi təlimlər və aqressiv bəyanatlar münaqişənin sülh yolu ilə, həmçinin ATƏT-in Astana sammiti kontekstində həllinə daha qətiyyətlə nail olmağa yönəlmiş səylərlə üst-üstə düşmür”.

Məktubda deyilir ki, davamlı və möhkəm sülh, stabillik və əməkdaşlıq üçün Ermənistan öz qəsbkarlıq və etnik təmizləmə siyasətindən imtina etməli, ATƏT-in Minsk Qrupu çərçivəsində sülh prosesinə zərər yetirmək cəhdlərindən vaz keçməli və beynəlxalq qanuna əsaslanmış - Ermənistan Silahlı Qüvvələrinin tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin edən, Azərbaycanın suverenlik və ərazi bütövlüyünü bərpa etmək, doğma evlərindən didərgin düşmüş insanları yenidən öz yerlərinə qaytarmaq və Dağlıq Qarabağda - Azərbaycan Respublikası daxilində erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşamalarını əks etdirən nizamlanma üçün xoş niyyətli, səmimi, vicdanlı danışıqlar aparmalıdır.
# 466

Oxşar yazılar