Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub
27 dekabr 2010 09:32 (UTC +04:00)

Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Kiyev şəhərində Çaykovski adına Konservatoriyanın opera zalında Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Xeyriyyə Fondunun təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilib.

Mərasimin rəsmi hissəsində Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, geniş nitq söyləyib. O, Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında ətraflı məlumat verərək bildirib ki, millətimizin, xalqımızın həmrəyliyinə, birliyinə həmişə böyük ehtiyac olub və millət üçün bu taleyüklü məsələdə Heydər Əliyevin əvəzsiz xidmətləri unudulmazdır. Səfir qeyd edib ki, məhz bu gün nail olduğumuz həmrəylik və böyük təntənə ilə keçirdiyimiz bu bayram Heydər Əliyevin Azərbaycana və Azərbaycan xalqına bəxş etdiyi ən böyük töhfələrdən biridir.

Tədbirdə iştirak edən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müraciətini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna-Azərbaycan dostluğu Beynəlxalq Fondunun rəhbəri İlqar Abbasov qonaqları salamlayaraq tədbirdə iştirak etdikləri üçün onlara öz minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində Ukraynada fəaliyyət göstərən etnik cəmiyyətlərin incəsənət nümayəndələri öz musiqi nömrələri ilə soydaşlarımızı bayram münasibəti ilə təbrik edib, azərbaycanlılarla həmrəy olduqlarını nümayiş etdiriblər. İfa olunan Azərbaycan mahnıları və milli rəqslərimiz isə tədbir iştirakçılarında əsl bayram ovqatı yaradıb. Mərasimdə kütləvi informasiya vasitələrinin, Ukraynanın dövlət və ictimai qurumlarının nümayəndələri iştirak ediblər.

Sonda qonaqlar təşkilatçılara və tədbirin quruluşçu rejissoru, Ukraynanın xalq artisti Qurban Abbasova öz minnətdarlıqlarını bildiriblər.

Azər Qardaşlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar