Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu talassemiya xəstəliyi ilə bağlıdır.
Talassemiya xəstəliyi genetik defekt nəticəsində yaranan və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir. Anadangəlmə xəstəlik olaraq iki daşıyıcının nikahı nəticəsində doğulan uşaqlarda rast gəlinə bilər. Talassemiya daşıyıcılığı adətən təsadüfi müayinə və ya skrining zamanı aşkarlanır. Əksər hallarda heç bir klinik əlaməti olmur.
Maraqlıdır, görəsən, bu xəstəlikdən tam müalicə olunmaq mümkündürmü?
Lent.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva bildirib ki, xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasıyasıdır.
Onun sözlərinə görə, 2014-cü ildən etibarən bu müalicə üsulu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində Dövlət proqramı çərçivəsində həyata keçirilir:
"Bu günə qədər 150-dən artıq xəstə tam toxuma uyğunluğu olan donordan transplantasiya olunub. Nəticələrimiz olduqca qənaətbəxşdir. Lakin əsas hədəfimiz gələcəkdə ilik donor bankı qurmaqla Dünya Donor Bankı üzv ölkələrindən olmaqdır".