Ürək çatışmazlığı ürəyin fəaliyyətinin pozulması və orqanizmin oksigen ehtiyacına olan tələbatını uyğun təmin edə bilməyən kliniki vəziyyətdir. Ürək qanı bədənin hüceyrələrinə çatdırır, ürək çatışmazlığı halında isə hüceyrələri kifayət qədər qanla təmin edə bilmir. Ürək çatışmazlığı həm kəskin, həm də xroniki xəstəliklərin dekompensasiya əlamətidir.
Maraqlıdır, damar tutulması ilə bağlı ağırlaşmalardır. Bu zaman da ürək çatışmazlığı yaranırmı?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunun elmi katibi Təranə Cavadova danışıb.
"Ürək çatışmazlığına gətirib çıxaran amillər içərisində koronar damar patologiyası ön sırada qalmaqdadır. Bunlardan ürəyin işemik xəstəliyi (həmçinin, ürəyin tac damar xəstəliyi – kəskin və xroniki koronar sindrom da adlanır) ürək çatışmazlığının ən çox yayılmış səbəbidir. Bu zaman ürək əzələsini qan və oksigenlə təchiz edən tac damarlarının daralması nəticəsində qan axını azalır. Belə halda ürək əzələsi normal fəaliyyət göstərə bilmir. Ürək çatışmazlığı miokard infarktından (ürək tutması) sonra inkişaf edə bilər. Miokard infarktı zamanı zədələnmiş ürək toxumasını çapıq toxuması əvəz edir. Miokard infarktı səbəbindən zədələnmiş və çapıq toxuması ilə əvəzlənmiş ürək əzələsinin sahəsi nə qədər böyük olarsa, ürək fəaliyyəti də bir o qədər zəifləmiş olur".