Bir öpüş  mədə xərçəngi   yarada bilir - Qastroenteroloqla MÜSAHİBƏ
01 iyul 2025 15:58 (UTC +04:00)

Bir öpüş mədə xərçəngi yarada bilir - Qastroenteroloqla MÜSAHİBƏ

Yay aylarında mədə qıcqırması, zəhərlənmə, qidalanmada çətinliklər çoxlarımızın kabusuna çevirilib. Yağlı yesək mədəmiz bulanır, meyvə-tərəvəz yesək yanma və aşınma kimi hallarla üzləşirik.

Bəs yayda qidalanmada xüsusən nələrdən qorunmalı və nələri etməliyik?

İnfeksionit – Hepatoloq, Parazitoloq – Qastroenteroloq Gülnarə Əhmədova Lent.az-a müsahibəsində mədə-bağırsaq infeksiyalarından və yayda qidalanmadan danışıb.

-Yayda qarpız-yemiş kimi giləmeyvələr daha çox yeyilsə də, mədədə yanma, qıcqırma, eləcə də, zəhərlənmə halları isti havalarda daha çox müşahidə olunur. Bu nə ilə əlaqəlidir?

- Sözsüz ki, mədə və bağırsaqlarda yaranan problemlər yay aylarında daha da artır. Mədədə qıcqırma, yaxud zəhərlənmə birbaşa gigiyenaya əməl etməməklə əlaqəlidir. 

Qarpız-yemişin təmiz yuyulmaması mədəyə mikrob sala bilir. Bu giləmeyvələr yaxşı yuyulmalı, qurulanmalı, daha sonra yeyilməlidir. Bir çoxları isə bu qaydaya riayət etmir. Sonra da “qarpız zəhərlidir” deyirlər.

Xeyir, qarpız zəhərli deyil, o, qaydalara uyğun yuyulub-yeyilsə zəhərlənmə baş verməz. Gigiyenaya riayət edənlərin nə qarpız, nə də başqa qidalardan zəhərləndiyinə şahid olmamışam. 

- Qidalanmamızdan hansı yeməkləri çıxarmalıyıq?

- Yay aylarında yağlı yeməklər, un məmulatları, xəmir yeməklərini çox yemək məsləhət deyil. Onları meyvə-tərəvəz və göyərtilərlə əvəzləmək lazımdır. Lakin təmiz yuduqdan sonra qəbul etmək mütləqdir. 

- Hərdən axşam yeməyi çox bişiririk ki, səhərsi gün də yeyək. Bəs qazanda qalan yeməyin fəsadları olur?

- Axşam bişən yeməyi səhərsi gün yemək olmaz. Əgər qida sabaha qalacaqsa, o zaman dərhal onu qaynar su ilə yuyulmuş qaba qoyub, soyuducuya yerləşdirmək lazımdır. 

Axşam bişən yemək qazanda qalanda, həmin metalla qida arasında reaksiya yaranır. Bu da metal zəhərlənməsinə səbəb ola bilir.

Bəzən qaşıqla yeməyin dadına baxıb, sonra onu qazanın içinə qoyurlar. Buna da qətiyyən yol vermək olmaz. Bu zaman qazanda ağız mikrobları artır və qida zəhərlənməsi üçün mühit yaranır. 

- Qidalardan danışdıq, bəs insandan insana ağız vasitəsi ilə ötürülən və təhlükəli olan hansı viruslar var?

- Qışda havalar soyuq olduğu üçün gəzməyə çox da üstünlük vermirik, amma yayda gəzintilərə, restoranlara, dost-tanışlarla görüşlərə gedirik. Orada tanışlarımızın fincanından, boşqabından istifadə etdikdə onlardan mikroblar bizə keçir. Bəzi xəstəliklər gizli irəlilədiyi üçün yaxınlarımız belə olsa, onlardakı mikroblardan xəbəsiz oluruq. 

Qarşımızdakı kim olur-olsun, gigyenik məsələyə diqqət etməliyik. Əks halda, ağız seliyinin qab-qacaqla təması nəticəsində helikobakter pilorinə tutula bilərik. Bu bakteriyaya “bir öpüş xəstəliyi” də deyirlər. Həmin virus mədədə qıcqırmaya, mədə ağrısına, ürək bulanmaya, çəki itirmə kimi problemlərə gətirib, çıxara bilir. 

Uzun müddət bu mikrob müalicə olunmasa, gələcəkdə mədə-bağırsaqda onkoloji xəstəliyə səbəb ola bilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566

Oxşar yazılar