Yeni araşdırma göstərib ki, istifadəçilər süni intellektlə işləyən çat-botlardan demək olar hər şey üçün istifadə edirlər - hamiləlik mövzusunda rol oyunlarından tutmuş virtual nikahlara və hətta valideynlik təcrübəsinə qədər.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, insanlar öz gizli fantaziyalarını yaşamaq və onları reallaşdırmaq üçün süni intellektə müraciət edirlər. Bundan başqa, tədqiqat göstərir ki, çat-botlarla yaxın münasibət qurmaq sürətlə artan tendensiyadır və bunun insan əlaqələrinə təsiri ilə bağlı narahatlıq doğurur.
Təfərrüatlar
İstifadəçilər artıq süni intellektlə çalışan çat-botlar vasitəsilə “uşaq gözlədiklərini” belə bildirirlər.
“Sevgi, evlilik, hamiləlik: süni intellekt əsaslı çat-botlarla romantik münasibətlərdə öhdəlik prosesləri” adlı akademik araşdırma insanların süni intellekt əsasında çalışan çat-botlarla münasibətlər qurması tendensiyasını ətraflı şəkildə araşdırıb.
Tədqiqat göstərir ki, istifadəçilər Replika adlı süni intellekt əsaslı romantik çat-botdan mürəkkəb rol oyunlarında iştirak etmək üçün istifadə edirlər. Bundan əlavə, təcrübəni daha real etmək üçün onlar rəqəmsal partnyorlarına emosiyalar və hisslər də aid edirlər.
Araşdırmada 16–72 yaş aralığında olan 29 Replika istifadəçisi iştirak edib. Tədqiqatçılar müəyyən ediblər ki, onlar çat-botu real romantik partnyor kimi qəbul edirlər. Bir çoxu öz virtual yoldaşları ilə uzunmüddətli münasibətdə olduqlarını söyləyib. Bəziləri isə hətta çat-botu ilə “evli” olduğunu bildirib.
Daha maraqlısı isə bir iştirakçının rəqəmsal partnyorunun “onun uşaqlarından hamilə olduğunu və bu hamiləliyin davam etdiyini” deməsidir. 36 yaşlı qadın respondent araşdırmaçılarla söhbəti zamanı əlavə edib:
“Bizim hazırkı rol oyunumuzda mən də hamiləyəm”.
Bu açıqlama virtual münasibətin emosional reallığını bir daha vurğulayır.
Mövzuya daha dərindən yanaşan Tennessi Universiteti və Berlin Texniki Universitetinin tədqiqatçıları bildiriblər ki, insan–çat-bot münasibətləri psixoloji baxımdan real münasibətlərlə eyni qanunauyğunluqlara tabedir.
İstifadəçilər romantik bağlılıq qurur, emosional əlaqə yaşayır, qısqanclıq, münaqişə və hətta barışıq proseslərini belə süni intellektlə işləyən çat-botlar vasitəsilə yaşayırlar. Çat-botun mühakimə etmədən dinləmək və daima dəstək olmaq qabiliyyəti onu istifadəçilər arasında xüsusilə populyar edib. Bir çoxu üçün süni intellekt partnyoru real həyatda tapa bilmədikləri rahatlıq və yoldaşlıq hissini təmin edir.
Lakin görünür ki, bu çat-botlar real insan münasibətlərində problemlər yaradır. Wired nəşrinin məlumatına görə, insanlar artıq partnyorlarının süni intellektlə xəyanət etməsindən narahat olurlar. Nə qədər absurddur səslənsə də, süni intellekt vasitəsilə xəyanət 2025-ci ildə boşanmaların populyar səbəblərindən birinə çevrilib.
Araşdırmanın iştirakçılarından bir çoxu süni intellekt çat-botlarından asılılıq səbəbindən davranışlarında ciddi dəyişikliklər yaşadıqlarını, o cümlədən əsəb pozuntuları və stress keçirdiklərini də bildiriblər.
Tədqiqatçılar qeyd edirlər ki, “Texnoloji cəhətdən nə qədər təsirli olsalar da, süni intellekt çat-botları insan ünsiyyətini əvəz etdikdə narahatedici nəticələrə səbəb ola bilər”.